Bakıda restoranda iki nəfəri güllələyən şəxs keçmiş məhkumdur - TƏFƏRRÜAT - YENİLƏNİB - VİDEO - FOTO

10 Avqust 2018 10:49

10:49

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb.

Daxili İşlər Nazirliyi (DİN) ötən gecə Ramanada baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər"lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş "AKMS" markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

----------------

07:52

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ölən və yaralananın şəxsiyyəti məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda restoranda silahlı insident baş verib