Polkovnikə hökm oxundu: 1 milyon manat dələduzluqda təqsirləndirilib

8 Avqust 2018 12:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S. Şükürov 9 il 6 ay azadlıqdan məhrum edilib.

S.Şükürov ümumilikdə 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanı isə qızının cinayət işinə xitam verdirəcəyi vədi ilə aldadaraq onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

S.Şükürov ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

Milli.Az