BƏƏ Yaxın Şərqdə ingilisdilli məktəblərin sayına görə liderdir

8 Avqust 2018 07:35

BƏƏ Yaxın Şərqdə ingilisdilli məktəblərin sayına görə lider olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "ISC Research Schools" təşkilatının son məlumatına görə, regionda beynəlxalq məktəblərin sayı artaraq 1159-dan (2013) 1593-ə (2018) çatıb.

Məlumatda bildirilir ki, BƏƏ bu göstəriciyə görə Yaxın Şərq ölkələri arasında birinci yeri tutub. Məsələn, bu il BƏƏ-də 624 beynəlxalq məktəb fəaliyyət göstərirdisə, ötən il onların sayı 596-ya bərabər olub. Birləşmiş Ərəb Əmirliklərinin ardınca Səudiyyə Ərəbistanı (257), Qətər (168) gəlir. Regiondakı ingilisdilli məktəblərdə bütövlükdə 1,51 milyon şagird təhsil alır. Onların hər biri il ərzində öz təhsilinə orta hesabla 7658 dollar xərcləyir.

"ISC Research Schools" təşkilatının başçısı Riçard Haskell bildirib ki, Yaxın Şərq, xüsusən BƏƏ bazarı genişlənməyə davam edir. "ISC Research Schools" 2018-2019-cu tədris ilində BƏƏ-də 17 yeni beynəlxalq məktəbin açılacağını, bu məktəblərin 13-nün Dubayda fəaliyyət göstərəcəyini bildirir.

Milli.Az