Azərbaycanda "Eurovision 2012"-nin keçiriləcəyi arena müsabiqənin son illərdə baş tutduğu ən iri səhnə olacaq

8 Sentyabr 2011 21:26
"Alpine BAU Deutschland AG" şirkəti Bakıda 23 mindən çox tamaşaçı tutumuna malik ən iri idman-konsert kompleksi tikəcək. Bu barədə Trend-ə cümə axşamı şirkətdən məlumat verilib. Bu kompleks həm də "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi üçün mümkün yerlərdən biri hesab olunur.

"Osloda "Eurovision 2012" müsabiqəsinin keçirildiyi stadion dörd min, Düsseldorfdakı stadion 10 min nəfər tuturdusa, "Alpine"nin Azərbaycanda tikəcəyi kompleks 23 mindən çox tamaşaçı tutumuna malik olacaq", - məlumatda bildirilib.

Məlumata görə, eyni vaxtda stadionun üç hissəsinin - meydançanın, fasadın və tavanın tikintisinə başlanıb.

"Bu layihənin unikallığı ondadır ki, tikinti işlərinin qısa bir vaxtda tamamlanması təmin ediləcək", - məlumatda qeyd edilib.

Müqaviləyə əsasən, "Alpine" 31 mart 2012-ci ilədək arenanın tikintisini başa çatdırmağı öhdəliyinə götürüb. Layihənin baş dizayneri "gmp" alman şirkəti, stadionun dizayneri isə İsveçrənin "Nussen" şirkətidir. Həmçinin, layihənin tərkib hissələrindən biri kompleksin yaxınlığında bütün müasir avadanlıqlarla təchiz ediləcək 1500 nəfərlik media mərkəzinin inşa edilməsidir.

"Kompleks müasir beynəlxalq standartlara uyğun olacaq, onun kifayət qədər giriş-çıxışı gələnləri maneəsiz qəbul etməyə imkan verəcək. Standartlara uyğun olaraq, hər hansı bir fövqəladə hal baş verərsə, stadionun bütün qonaqları 8 dəqiqə ərzində təxliyyə oluna bilər", - məlumatda vurğulanıb.

Həmçinin, stadionda VİP-lojalar da olacaq.

Milli.Az