Uşaqlarda davranış pozuntuları: valideynlər nə etməli? - Psixoloq rəyi

1 Avqust 2018 21:00

Davranış pozuntusu ABŞ ədəbiyyatında hər hansı tipdə bir funksiya anormallığını təyin edən ümumi bir termin olaraq istifadə olunur.

Lakin, İngiltərədə psixiatrik istifadəsi daha məhduddur. Çox vaxt sözü edilən davranış və ya "hərəkətin" ictimai və etik nöqteyi-nəzərdən qiynətləndirilməsi həyata keçirilir.

Beləcə "davranış" termini bəzi uşaqlarda nəzərə çarpan üsyankar, təcavüzkar (aqressiv) davranış, oğurluq və məktəbdən qaçma simptomları ilə təzahür edən bir psixiatrik pozuntu kateqoriyası üçün istifadə edilməkdədir. Davranış pozuntusu uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olaraq daxili qarşıdurmalarını əməllərinə köçürməsi nəticəsində ortaya çıxır. Hər 10 uşaqdan 7-də davranış pozuntusuna rast gəlinir.

Daha çox 3-6 yaş dövründə olan uşaqlarda müşahidə edilir. Bu yaş dövrü şəxsiyyət keyfiyyətlərinin "mən" obrazının formalaşdığı bir dövr kimi xarakterizə olunur. Ona görə də, bu yaş dövründəki uşaqlara daha çox diqqət göstərilməli, davranış pozuntusu aşkar edildikdə gecikmədən korreksiya edilməlidir. Davranış pozuntuları müxtəlifdir və uşaqlarda 13 yaşa qədər ortaya çıxır. Bu tip uşaqlarda yeniyetməlik çətin keçir, pis vərdişlərə meyillik müşahidə olunur.

Ən çox rast gəlinən davranış pozuntuları:
- Uzun müddət davam edən aqressiv davranışlar
- Yalanlar və yaxud hadisələrin şişirdilməsi
- Qaydaları pozmaq
- Heyvanlara, əşyalara zərər vermə
- Təcavüzkar davranışlar
- Uyğunsuz ifadələrin işlədilməsi
- Dırnaq yemə və barmaq əmmə
- Əssasız qorxular
- Aşırı hərəkətlilik
- Kaprizlər

Davranış pozuntularının əsas səbəbləri:
- Diqqət çəkmək istəyi
- Özünü təsdiq etmə istəyi
- Valideynlərdən intiqam alma istəyi
- Özünü xatırlatma

Diqqət çəkmək istəyi - uşaqlar hər zaman diqqət mərkəzində olmaq istədiyi üçün ailədən lazım olan qayğını ala bilmədikdə bəzən mənfi yollara əl atırlar. Məs: əşyaları yerə atma, aqressiv davranış, qışqırma, özünə zərər vermə və s.

Özünü təsdiq etmə istəyi - Bəzən valideynlər uşağa həddindən artıq diqqət göstərir və ya aşırı qadağalar qoyur. Hətta uşağın etməli olduğunu özləri edirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiq etmə istəyi ortaya çıxır. Bunun əsas səbəbi azyaşlılarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur.

Valideynlərdən intiqam alma istəyi - Bu əsasən diktator tipli ailələrdə yaranan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət göstərmir. Belə halda uşaqda valideynlərindən intiqam almaq istəyir formalaşır və sadaladığımız davranışlar ortaya çıxır.

Özünü xatırlatma - Bu davranış özünü ən çox mühafizəkar ailələrdə biruzə verir. Belə olan halda uşağın şəxsiyyətində inkişaf ləngiyir və özünə inamsızlıq yaranır. Azyaşlı daim özünü mənfi davranışlarla xatırladır.

Davranış pozuntusu olan uşaqlarla daha çox vaxt keçirmək, sevgi göstərmək, özünə inam hissini aşılamaq, problemləri ilə maraqlanmaq xüsusilə vacibdir. Davranış pozuntusu aşkar edildikdə uşaq psixoloquna və ya psixoterapevtə müraciət etmək mütləqdir. Çünki, kiçik yaş dövründə davranış pozuntusunun korreksiyası daha asan olur.

Milli.Az
Leyla Əli, uşaq psixoloqu