Abonent qaz sayğacı ilə bağlı dərdini kimə desin?

9 Sentyabr 2011 09:15
Bakı şəhərində qaz sayğaclarının smart tipli elektronları ilə əvəzlənməsi heş də birmənalı qarşılanmadı. Redaksiyaya ünvanlanan məktubda da oxucu qaz sayğacının smart elektrona dəyişməsi ilə bağlı vəziyyətdən narahat olduğunu deyir: "Sayğac dəyişdikdən sonra "Azəriqaz"ın işçisi kartı aktivləşdirərkən sayğacın istifadə təlimatını pozur. Sayğacın qarşısındakı giriş ventili bağlı olur, amma sayğacı fırladanda o, qaz xəttini 3 dəqiqə ərzində plitəyə qədər yoxlayır. Lakin bu zaman giriş ventilini açmaq lazımdır. Belə çıxır ki, yoxlama qaz olmayanda gedir. Bu vaxt bitdikdən sonra sayğac ayırd edə bilmir ki, bu, qaz sızmasıdır, yoxsa istifadə. Bu, sayğacın və abonentin aldadılmasıdır. "Azəriqaz"ın işçisi gedəndən sonra hərdən qazburaxma aşkar edilir və yenidən işçisini çağırmalı oluruq".

Məktubda smart-kartın qeydiyyat məsələsində də abonentlərin incidilməsindən yazılır: ""Azəriqaz" əməkdaşları smart-kartı qeydiyyat üçün götürür. Abonentlər narahat olur və idarəyə zəng vurur ki, kartı nə zaman qaytaracaqlar. Axı kartı gərək əvvəlcədən sayğacla birlikdə qeydiyyatdan keçirib qutuya qoymaq, üzərində abonentin ünvanını yazmaq, sonra isə quraşdırmaq üçün göndərmək lazımdır".

"Azəriqaz" İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin rəisi Vaqif Namazov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, smart-kartın qeydiyyat üçün götürlüb anbonentə gec qaytarılması ilə bağlı deyilənlər inandırıcı deyil. Şöbə rəisinin sözlərinə görə, smart-kartın abonentə gec verilməsi "Azəriqaz"ın ziyanınadır: "Biz istəyirik ki, abonent qazı tez istifadə etsin ki, onun pulunu alaq. Biz əksinə, kartın verilməsini tezləşdirməkdə maraqlıyıq. Əgər tezləşdirməsək, abonent tərəfindən karta pul qoyulmayacaq. Bu isə ziyanımızadır. Abonent belə məzmunda şikayəti səhv yazır. Gün ərzində kartı verməyə çalışırıq. Kartı alan abonent kartına pul qoyur və "Azəriqaz"ın pulu olur".

Qaz sızmasına gəlincə, V.Namazov əlavə etdi ki, bütün qaz istismar idarələrinə sayğac quraşdırılandan sonra onun qaz təzyiqi altında yoxlanılması tapşırılıb. Qaz sızması varsa, sayğac birmənalı şəklidə işləməyəcək. Bu halda abonentə qaz getməyəcək ki, bu da əlavə şikayətə səbəb olacaq. Əgər sızma varsa, sayğacı asan "Azəriqaz" əməkdaşı cəzalandırılır.

"Azəriqaz" rəsmisi qazla bağlı problemi olan abonentlıərin "104" zəng xidmətinə zəng etmələrini və yerli qaz istismar sahələrinə müraciət etməsini məsləhət gördü.

Anar Məmmədov
Milli.Az