Azərbaycanda qadınlara səsvermə hüququ 100 il əvvəl verilib - Eurolatio

31 İyul 2018 18:48

Eurolatio, Fransa

31.07.2018 

Müəllif: Vüsalə Əliyeva

Müsəlman dünyəvi ölkədə. Kim buna inanardı? Bu haqda kimin məlumatı var? Bərabərlik, azadlıq... Bunlar ümumi sözlər olsa da, ictimai hərəkatların, amansız mübarizənin, sosial müqavimətin obyektləri kimi dərin məna daşıyır...

İstər özəl, istərsə də dövlət sektorunda qadınlara qarşı ayrı-seçkilik demək olar ki, bütün dünyada mövcuddur. Amma bu, ölkələr üzrə fərqlənir. Çağdaş dünyada qadının məhz cinsinə görə səsvermə hüququna malik olmaması kimi məntiqsizlik daha çox kollektiv nümayəndəliklərdə, xüsusilə Avropa cəmiyyətlərində özünü göstərir. Bizə fundamental və əsaslı görünən bu hüquq bir qədər uzun, bəzi ölkələrdə isə kəskin, qeyri-adekvat mübarizə nəticəsində əldə olunur. Bəzi ölkələrdə bu mübarizə hələ də bitməyib və ya bu yaxınlarda sona çatıb. Məsələn, qadınların hələ də səsvermə hüququna malik olmadığı Səudiyyə Ərəbistanı...

Səsvermə hüququ dünya miqyasında geniş yayılsa da, qadınlar hələ də siyasi sahədən kənarda qalır. Azərbaycan dövləti bu baxımdan digərlərindən fərqlənir. Azərbaycan qadınlara bu hüququ Birinci Dünya müharibəsindən sonra vermiş ilk dövlətlərdəndir.

Qadınların səsvermə hüququ sahəsində qabaqcıl ölkə

1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu məsələdə Fransanı da qabaqlayaraq (Fransada qadınlar bu hüququ 1944-cü ilədək gözləməli olub), qadınların səsvermə hüququnu təmin edib. O zaman yeni yaranmış respublika davamlı hüquqi bazanın yaradılmasında Qərb institutlarından böyük ilham almışdı. Milli parlament yaradılmış, fərdi azadlıqlar, hüquqlar təmin edilmiş, xüsusilə qadınlara seçki hüququ verilmişdi. Söhbətin müsəlman ölkəsindən getdiyini nəzərə alsaq, əlbəttə ki bu, daxildən gələn bir şey deyildi. Amma 1920-ci ildə AXC-nin SSRİ tərəfindən işğal olunması da burada nəyisə dəyişməyib (Sovetlər qadınlara səsvermə hüququnu 1917-ci ildə vermişdi).

Azərbaycan - müsəlman fundamentalizminin virusundan qorunan ölkə

Dünyəvi müsəlman ölkəsi olan çoxmillətli Azərbaycan, eyni zamanda həm Şərq, həm də Qərb ölkəsi kimi, orijinallıq nümayiş etdirir. Əhalisinin əksəriyyəti müsəlman olsa da, idarəetmə sistemi dünyəvi və sekulyardır. Bu, onu dünyəvi dövlətə, dini tolerantlığa bağlı ölkəyə çevirir. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda dinlə dövlət bir-birindən ciddi şəkildə ayrıdır. Burada müsəlman, xristian və yəhudi icmaları sülh şəraitində birgə yaşayır.

Azərbaycan əhalisinin tərkibinə nəzər saldıqda görürsən ki, bu, əsl xalqlar mozaikasıdır. Əhalinin əksəriyyəti azərbaycanlı olsa da, burada etnik qruplar da çoxdur. Ölkədə ləzgilər, ruslar, ukraynalılar, gürcülər, ermənilər, talışlar, avarlar, türklər, tatarlar, saxurlar, kürdlər, tatlar, udinlər, ingiloylar, haputlar, qırğızlar, basqallar və... yəhudilər də yaşayır.

Tamah obyekti olan ölkə

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan tərkibinin müxtəlifliyinə rəğmən, əhalisinin dinc şəraitdə yaşadığı ölkədir. Onların hər biri ölkənin iqtisadi, geostrateji və mədəni inkişafında iştirak edir.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanı "Odlar yurdu" da adlandırırlar. Çünki orada minilliklərdir sirli şəkildə yerdən çıxan təbii od var. Aleksandr Düma "dəniz alovları"ndan danışarkən məhz bunu deyirdi.

Dünyada sənaye üsulu ilə ilk neft quyusu 1848-ci ildə, yəni ABŞ-dan 10 il əvvəl Bakı yaxınlığında qazılıb. Məhz bu, Azərbaycan tamah obyektinə çevirib. Qonşuları bu nemətdən pay qoparmaq üçün hər zaman onu parçalamaq istəyib.

Azərbaycan qadınının azad olmasında medianın rolu

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qarşısında çətin bir vəzifə var idi - qadınların ictimai həyata cəlbi. Ölkənin aparıcı ziyalıları qadınlara hüquqlarını və məsuliyyətini izah edir, eyni zamanda, ictimai düşüncəyə də təsir göstərməyə çalışırdılar. Jurnalistlər və publisistlər bildirirdilər ki, əgər qadınlar bir fərd kimi azad olmazsa, onların problemləri həll edilməyəcək.

"Şərqi-Rus", "Həyat", "Səda", "İrşad", "Tərəqqi", "Kaspi", "Füyuzat", "Molla Nəsrəddin", "Dirilik", "Zənbur", "Tuti", "Babayi-Əmir" dövrün qadın problemlərinə dair məqalələr dərc etmiş qəzet və jurnalları olub.

XX əsrin əvvəllərində Azərbaycan qadınının qarşılaşdığı əsas problem təhsilə qoyulmuş məhdudiyyət idi. Lakin 1901-ci ilin oktyabrında Hacı Zeynalabdin Tağıyev Bakıda qızlar məktəbinin əsasını qoyub. Elə o zaman "Kaspi" qəzeti Əhməd bəy Ağayevin bu əlamətdar hadisə ilə bağlı "Müsəlmanlar arasında qadınların təhsili" sərlövhəli məqaləsini dərc etmişdi. Məqalədə deyilirdi: "Təhsil, elm, məlumatlanma qadınların ehtiyac duyduğu silahlardır. Biz onları bu silahlarla təchiz etməliyik".

Məktəbin açılığı 1901-ci il oktyabrın 7-də olub. Bu təşəbbüs Şeyxülislam Axundov tərəfindən də dəstəklənirdi. "Kaspi" qəzeti bununla bağlı Məhəmməd Peyğəmbərdən sitat gətirərək, yazırdı: "Təhsil almaq kişilər üçün olduğu kimi, qadınlar üçün də vacibdir". Bu isə o deməkdir ki, din qadınların hüquqlarını məhdudlaşdırmır.

Ölkənin tanınmış ziyalılarının səyləri hədər getmədi

Beləliklə, Azərbaycanda qadınlar tezliklə ictimai həyatda öz yerlərini tutublar. Məqsədi qadın problemlərinə toxunmaq və onları işıqlandırmaq olan "İşıq" qəzeti də fəaliyyətə başlamışdı. O, bütün vətəndaşları qadın hüquqlarını müdafiə etməyə çağırır, əhalinin bu barədə maariflənməsini vacib sayırdı. "İşıq" qəzetinin müəllifləri həm də seçki hüququnun (Həlimə Axundova), qadın assosiasıyalarının (Münəvvər Əlixanova), vətənpərvər qadın təşkilatlarının (Həyatxanım Çayqıraqlı) yaradılmasında da iştirak ediblər.

XIX əsrin sonu, XX əsrin əvvəlində artıq azad qadınlar yeni əlaqələr qurub. Onlar xeyriyyə tədbirlərinin, qadınlar üçün məktəblərin, qadın klublarının və s. təşkili üçün müxtəlif fəal qadın qruplarının təsis olunmasına əvəzsiz dəstək veriblər. Xüsusilə ali sinfə məxsus qadınlar qadın hüquqları uğrunda mübarizəyə qoşulmuşdular. Onlar anlayırdılar ki, ailədə və ya cəmiyyətdə bərabər hüquqlara sahib olmaq üçün əvvəlcə maariflənməli, həmçinin iqtisadi müstəqilliklərini təmin etməlidirlər.

Xarici universitetlərin məzunu olan Əzizbəyova, Əfəndiyeva, Bayraməlibəyova, Əzimzadə maarifşilik və xeyriyyəçilik fəaliyyəti çərçivəsindən çıxmağa, artıq siyasi sahədə də çalışmağa cəhd göstərirdilər.

Beləliklə, Azərbaycan XX əsrin əvvəlində müsəlman dünyasında qadın hüquqları uğrunda mübarizə aparan ilk ölkə olub. Üstəlik, bu sosial hərəkat Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar tərəfindən idarə edilib. Ağabacı Rzayeva Azərbaycanda və Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın olub. Şəfiqə Axundova isə Şərqdə ilk qadın opera müğənnisi idi.

Rayon ərzaq komitələrinə seçkidə qadınların iştirakı - ilk mərhələ

1917-ci ildə Behbud ağa Şahtaxtinski Bakının müsəlman qadınlarının ictimai təşkilatlarının İcraiyyə Komitəsinə məktubunda rayon ərzaq komitələrinə seçkidə qadınların da iştirakını təklif etmişdi. "Kaspi" qəzetinin yazdığına görə, müsəlman qadınlarının xeyriyyə təşkilatının iclasında Pəri xanım Topçubaşova bunu təntənəli şəkildə bəyan edib və seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün 50 qadın işçiyə ehtiyacın olduğunu bildirib. Beləliklə, səsvermə günü məscidlər seçkilərə qatılmış çadralı qadınlarla dolu olub. Hesablamalara görə, 4 səsvermə məntəqəsində 11 min qadın səs verib. Onlara səsvermə qaydalarını Bakı müsəlmanlarının xeyriyyə təşkilatı izah edib. Bu, AXC-nin ictimai həyatında qadınların ilk iştirakı idi...

Azərbaycanın müasir Əmək Məcəlləsində qadın hüquqları bir sıra maddələrlə qorunur

Son 20 ildə bu Qafqaz respublikasında əsl müasirləşmə prosesi gedib. Bu gün Azərbaycan 2001-ci ildən inteqrasiya etdiyi Avropa Şurasının dəyərlərinə hörmət edir.

Ötən 22 ildə Azərbaycanda qadınlarla bağlı 72 qanun qəbul edib, 87 beynəlxalq konvensiya imzalayıb. 2006-cı ildə parlament gender bərabərliyi haqqında qanun qəbul edib. Bu da özündə işə qəbul, vəzifəyə təyinat və əməkhaqqı ilə bağlı məsələlərdə bərabər imkanları əks etdirir. Parlament, həmçinin ailə zorakılığını qadağan edən qanun da qəbul edib. Azərbaycanın Əmək Məcəlləsi iş saatlarını daha çevik etməklə və xüsusi məzuniyyətlər nəzərdə tutmaqla, işləyən anaların müdafiəsini daha da gücləndirib.

Azərbaycanda işləyən qadınların sayı getdikcə artır. Onlar xüsusilə özəl sektorda daha fəaldır. Bu gün Azərbaycanda qadınlar əsasən insan resursları, kommunikasiya və xidmət sahələrində çalışır. Bu dünyəvi müsəlman ölkəsində sürücülük vəsiqəsi alan qadınların sayı da durmadan artmaqdadır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az