Keçmiş sevgilimin anası

26 İyul 2018 13:51

Bəzən heç üzünü görmədiyimiz, səsini eşitmədiyimiz, dünya görüşündən xəbərsiz olduğumuz adamlara qeyri-adi dərəcədə hörmət edir, barəsində eşitdiklərimizə rəğmən sevgi və ehtiram duyuruq. Keçmiş sevgilimin anası da, mənim üçün belə insanlardan biridir. Onun üzünü heç vaxt görməmişəm və artıq keçmiş sevgilimin anası olduğu üçün heç vaxt da görməyəcəm. Amma o tanımadığım qadına adını eşitdiyim ilk gündən böyük sayğı duymuşam. Qızıyla tanış olduğumuz ilk dönəmlərdə bir-birimizə ailələrimiz haqda  həvəslə danışırdıq. Keçmiş sevgilim (ümumiyyətlə, bu sözdən zəhləm gedir, amma artıq həyatımda deyilsə və məni sevmədiyini düşünürsə, başqa bir ifadə də yerinə düşmür) sədaqətdən, etibardan söhbət düşəndə, anasını nümunə göstərməyi sevirdi.

O, atasının ölümündən sonra anasının ağır depressiya yaşadığını, bir neçə il keçsə də, mərhum ərini unutmadığını, məclislərə candərdi getdiyini, əvvəlki kimi bəzənmədiyini, amma buna baxmayaraq övladlarının gələcəyi üçün əzmlə çalışdığını, zəhmətdən çəkinmədiyini, narahat bir valideyn olduğunu danışardı.

Təbii ki, bu söhbətlər məni etibar və sədaqət kimi məsələlərə inandırmaq üzərində qurulardı və mən üzünü də görmədiyim bu qadına böyük heyranlıq duyardım. İnsan övladı belədir, etibara və sədaqətə daima önəm verir, bunu böyük hünər, qeyri-adi xüsusiyyət hesab edir. Nədən? Çünki çağımızda bu xüsusiyyətlər defisitdir. Bu cür nümunələr insana yaşamaq üçün stimul verir. Beləcə, mən keçmiş sevgilimin anası haqda söhbətləri eşitdikcə, onu tanımasam belə adını ehtiramla çəkir, yeri gələndə onu nümunə olaraq göstərirdim.

Keçmiş sevgilimin anası o qədər hamar həyat yolu keçməmişdi. Gənclik illərində çox sevdiyi oğlanla evlənməyinə atası icazə verməmiş, atasının məsləhəti ilə evləndiyi oğlanı sonradan çox sevmiş, sonralar məcburi köçkün həyatı, yaşamın türlü çətinliklərini görmüş, üç övlad böyütmüşdü. Ərköyün oğlanlarını, şıltaq qızını mərhum ərindən sonra düzgün istiqamətləndirmək onun üçün o qədər asan olmamışdı.

Amma qismən bacarmışdı. Məsələn, dəqiq bilirəm ki, qızına düzgün tərbiyə vermişdi. Ali təhsilli, mütaliəli, dünyagörüşlü qız övladı bir ananın ən böyük uğurudur. Çünki analar xərc çəkib təhsil verdikləri övladlarına ən bahalı əmtəə kimi baxır və onu ucuz "satmaq" heç bir valideyn üçün xoş deyil. Gələcək kürəkən bütün kriteriyaları ilə çəkilən əziyyətə dəyməlidir. Keçmiş sevgilimin bütün müsbət xüsusiyyətləri, heç şübhəsiz ki, ona anasından keçmişdi. Ümumiyyətlə, anaların qız övladları üzərində təsiri danılmazdır. Bu arada onun anası da mütaliə etməyi sevir və hətta çox qəribədir ki, nə vaxtsa mənim yazılarımı da oxuyurmuş.

Tanışlığımızdan qısa müddət sonra keçmiş sevgilimlə münasibətlərimizi rəsmiləşdirmək barədə xəyallar qurmağa başladıq. Çoxlarına məlum olduğu kimi mən artıq bir dəfə uğursuz evlilik yaşamışdım və bu evlilikdən iki övladım var. Üstəlik, kasıb, evsiz-eşiksiz, kirayələrdə ömür çürüdən sadə bir şairəm. Yəni keçmiş sevgilimə mənimlə bir ömür boyu problemlər həll etməyi, əziyyətli bir həyatı bölüşməyi, ana qayğısından məhrum qalan övladlarıma qayğı göstərməyi - bir sözlə, gənc bir qızın xəyallarına, planlarına daxil olmayan bir həyatı təklif edirdim.

Nədənsə o münasibətlərimizin başdöndürən, coşğun vaxtlarında o, bütün bunları kiçik, əhəmiyyətsiz məsələlər hesab edirdi. Bütün bunların qeyri-mümkünlüyünü çox gec anlasam da, ona bu barədə desəm də, münasibətimiz enişli-yoxuşlu ardıcıllığına davam edirdi. Və bu barədə anasıyla şəxsən danışmağımı istəyir, ona həqiqəti danışsam, bizə xeyir-dua verəcəyini, yol göstərəcəyini düşünürdüm. İş elə gətirdi ki, mən bu barədə keçmiş sevgilimin anası ilə danışa bilmədim. Bəlkə də danışsam, hər şey daha pis olar, mənim uğursuzluqlarımı üzümə vurar, üzünü görmədən sayğı duyduğum bu qadın məni incitmiş olardı. Bilmirəm, hər halda əlimdən gəldiyi qədər onun biricik qızını xoşbəxt etməyə çalışır, gələcəklə bağlı möhtəşəm planlar qururdum. Mən bacaracağıma inanırdım. Amma sən saydığını say...

Keçmiş sevgilim anasıyla danışmaq missiyasını öz üzərinə götürdü və dediyinə görə çox sərt təpkiylə qarşılaşdı. Bütün bunları təbii qəbul etdim, bir az mübarizə aparsaq, anasını sevgimizin gerçəkliyinə inandıra biləcəyimizi düşündüm. Olmadı. Heç bir gələcək vəd etməyən adamla xəyallar qurmaq keçmiş sevgilimi də yordu və məndən uzaqlaşdırdı.

Anasının şahanə səbəbləri vardı: O, artıq bir dəfə boşanıb, iki övladının məsuliyyəti var, şairdir (şairlər ailəyə laqeyid olur bəhanəsi), evsiz-eşiksizdir. Üstəlik, boşanmış, iki övladı olan bir kişiyə qızıyla evlənməyə icazə versə, qohum-qardaşa, qonşulara nə deyəcək? İnsanlar deməzmi ki, gül kimi qızını taleyi gətirməyən bir adama ərə verəndə nə düşünürdün? Təbii ki, bütün bunlar çox önəmlidir. Mən bu cəmiyyətin bir fərdi olaraq artıq bu bəhanələrə və səbəblərə haqq qazandırıram. Zarafat eləmirəm. Tənələrə, eyhamlara alışa-alışa özümü dünyanın ən mənasız adamı hiss etməyə başıram. Özüm kimi mənasız insanlardan yeganə fərqim odur ki, mən bu mənasızlığımı utanmadan car çəkməyi də bacarıram. Şəxsi həyatı alınmayan, kasıb bir şairin xoşbəxt olmağa nə haqqı var? Adama deməzlərmi  sən kimsən, ay bədbəxt? Get uşaqlarını böyüt, uzaqbaşı valideynlərin, qohum-qardaşın təklif etdiyi özün kimi biriylə evlən, uşaqlarını böyüt. Nə arzu, nə xəyal, nə xoşbəxtlik? Mənim kimi adamları cəmiyyətdən təcrid etmək, hətta başqalarına bədbəxtliyi yoluxmasın deyə imkan olsa xüsusi düşərgələrdə saxlamaq lazımdır. Ümumiyyətlə, şəxsi həyatda uğursuzluq yaşayan adamlardan mümkün qədər uzaq qaçmaq lazımdır.

Üzünü belə görmədiyim o gözəl qəlbli qadın, sonunda istəyinə çatdı. Artıq, demək olar ki, hər şey onun istəyinə uyğundur. Ali təhsilin son pilləsini də tamamlamış qızına gələcək elçilərin sayı əvvəlkindən çox olacaq, imkanlarını səfərbər edib onun üçün iş həyatı quracaq, illərlə əziyyət çəkib topladığı cehizləri qızının yenidən sevib-seçəcəyi normal işi-gücü olan bir insana təslim edəcək. Ona xoşbəxt bir gələcək quracaq. Sonra qızı çox xoşbəxt olacaq, sonra nəvələri dünyaya gələcək və daha sonra onun ana olaraq missiyası tamamlanacaq.

Məni boş verin, bəs qızı yəni keçmiş sevgilim xoşbəxt olacaqmı? Əlbəttə, olacaq. Çünki onu həyata hazırlayan, gələcəyinə istiqamət verən qayğıkeş, hər şeyi ölçüb biçən anası var. Xoşbəxtliyi, səadəti, sevgini, ailəni düzgün planlamayla, məntiqi düşüncəylə qurmaq mümkündür. Çünki bu cəmiyyətin təməli belə qurulub. İnsan hislərini atın zibil qabına!

Əziz analar, boşanmaların statistikasının sürətlə artdığı bir ölkədə ehtiyatlı davranıb, qızlarınıza münasib namizədlər tapmaq sizin ən əsas vəzifənizdir. Məhz bütün bunları düşünüb doğru yolu tutmuş keçmiş sevgilimin anasına dərin təşəkkürümü bildirirəm. Gələcəkdə də, pis insanlardan uzaq olması üçün qızını göz bəbəyi kimi qorumasını, onun gələcəyi üçün daha əzmlə çalışmasını arzulayıram. İnsan həyatına qarşı biganə qalmaq, laqeyd davranmaq olmaz. Əminəm ki, o gözəl insan indi yaratmaqda olduğu əsərindən zövq alan bir rəssam nəşəsi ilə, olub bitənləri seyr edir, gələcəklə bağlı qurduğu planların addım-addım gerçəkləşməsinə sevinir.

Yazımda çox incə ironiya olmasına baxmayaraq sizə hörmətim və ehtiramım sonsuzdur. Və bütün səmimiyyətimlə sizə qızınızın mürvətini, xoş günlərini görməyi arzu edirəm. Bəs soruşa bilərsiniz ki, bu yazını niyə yazmışam? Qısaca olaraq, deyim ki, bu yazı, sadəcə, dərdləşmədir. Oxucularımla, yazdıqlarıma maraq göstərən insanlarla yüngülvari dərdimi dağıdıram.

Belə, əziz oxucu. Xoş günlər, sevgi, səadət, xoşbəxtlik nəsibiniz olsun!

Cəlil Cavanşir
Milli.Az