Dünyanın ən bahalı qoyun sürüsü - FOTO
7 Sentyabr 2011 11:16
Türkiyədə ət istehsalının azalmasının yaratdığı problemləri həll etmək istəyənlərdən biri də Osman Nuri Günaydır. O, mütəxəssislərin "quzu maşını" adlandırdıqları rus "Romanov" cinsli qoyunlarını 5 il davam edən səylərdən sonra Türkiyəyə idxal edə bilib.
Milli.Az xəbər portalı "Hürriyet"ə istinadən bildirir ki, Rusiya prezidenti Dmitri Medvedevin şəxsi göstərişindən sonra ölkə ərazisindən çıxarılmasına icazə verilən 175 baş "Romanov" qoyununu Günay 7 ay əvvəl Ankaranın Kazan bölgəsində yaratdığı "Çimkent Romanov ferması"na aparmışdı.
Həmin fermadakı qoyunları səmada 30 dəqiqə qala bilən pilotsuz uçan qurğular, sutkanın 24 saatı ərzində ətrafı fasiləsiz müşahidə edən videokameralar və avtomatlarla silahlanmış çobanlar qoruyurlar.
Fermada sutkaboyu fəaliyyət göstərən baytar xidməti də var.
"Romanov" cinsli qoyunların özəlliyi ildə iki dəfə balalamasıdır. Hər qoyun ildə ən azı 5 quzu verir, sürü birə-beş artır. Nuri Günay qoyunları gətirəndən bəri sürüsündə artıq 80 quzu var və qoyunlar da sürətlə kökəlirlər.
"Romanov" qoyunları quzulayandan cəmi 35-40 gün sonra yenidən boğaz olurlar.
Günayın dediyinə görə, 100 "Romanov" qoyunundan ildə 200-250 bala alınır.
Hazırda əsl "Romanov" cinsli qoyunlar yalnız Rusiya və Türkiyədədir.
Milli.Az

















