Afaq Gəncəliyə qadağa, soyunub gün görən Rəqsanə, Üzeyir və... - HƏFTƏBECƏR

23 İyul 2018 09:15

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (181-ci say) təqdim edir.

Arzu Rzayev illərlə yoxa çıxır, axtarırsan tapmaq olmur. Tapılanda da gündəmə "bombalar yağdırır". Deyib ki, kişi qısa ətəkli xanıma baxmırsa, onun problemi var. Əslində, məsələyə bir az ciddi yanaşsaq, Rzayevin dediyində həm həqiqət var, həm də kobudluq. O mənada ki, əgər kimsə özünə, şəxsiyyətinə sığışdırıb qısa geyinən qadına baxmırsa, necə deyərlər, abırını gözləyirsə, bu, onun problemli olduğu anlamına gəlmir. Ancaq məsələyə bir qədər başqa yöndən yanaşanda təbii ki, istənilən normal kişinin əks cinsə olan marağını təbii qarşılamaq lazımdır. Elə kişinin kişiyə baxmağındansa, qadına baxmağı daha məsləhətdir.

ATV kanalı aparıcılarına qadağa qoyub ki, mətbuata açıqlama vermək üçün mütləq icazə almalısınız. Bu barədə aparıcı Afaq Gəncəli danışıb: "Mən indi istirahətdəyəm. "Azad Azərbaycan" telekanalı heç bir sayta açıqlama verməyə icazə vermir. Ona görə məni üzrlü sayın. Şirkətimiz tərəfindən artıq qərar verilib ki, aparıcılar ancaq atv.az saytına açıqlama verə bilərlər". Ömrünüzdə belə məntiqsiz qadağa görmüşdünüz? Bu, insanların şəxsi işinə birbaşa müdaxilədir e. ATV reklam arası baş verənləri cəmiyyətə ultra sürətlə ötürənlərə də bir qadağa qoysa, məncə, pis olmaz.

ATV-nin aparıcılarına qadağa qoyduğu bir vaxtda Rəqsanə təzədən soyunub. Zarafat eləmirəm e, doğrudan soyunub. Amma tam yox da. Çimərlik geyimiylə fotolar paylaşıb. Bir nəfər də şərh yazıb ki, görməmiş gün görür. Bax sizin kimin gün, kimin ay, kimin ulduz görməsiylə nə işiniz var? Əvvəl-axır hamının gün görmək haqqı var da. Rəqsanə olanda nə olar. Lap ən böyük sənətkarların da çətinlikləri olub da. Mən yazıram, Qulpqoyan dayı bığaltı gülümsəyib deyir ki, deyəsən qorxursan da Rəqsanədən. Nə cavab verim?

Könül Kərimova oğlunu ali məktəbə düzəltdirmək üçün bir qadına 32 min pul verib. Bir müddət keçəndən sonra məlum olub ki, qadın fırıldaqçıdır. Hazırda iş məhkəmədədir. Qadını başa düşdük, səhv edib, dələduzdur və sair. Hələ ona məhkəmə qərar verəcək. Mənə maraqlıdır ki, bir sənətçi övladının savadsızlığını ört-basdır etmək üçün niyə 32 min pulu havaya sovursun ki? Elə o pulun yarısının yarısını xüsusi hazırlıqlara xərcləmələ adam özü gedib ali məktəbə daxil ola bilər də.

Ötən həftə "Parni iz Baku"nun əfsanəvi kapitanı Anar Məmmədxanovun 48 yaşı tamam oldu. Yenə də komanda üzvləri, dostları Anarı "tək qoymadılar". Bu kollektiv dostluqla bağlı çəkiləcək istənilən misalın nümunəsi ola bilər. Əhsən, "Bakılı oğlanlar"!

Nadir Qafarzadənin oğlu xaricdən Azərbaycana gəlmək istəyib, atası icazə verməyib. Kimsə Nadiri təhqir edibmiş, o da deyib ki, ata, icazə ver, gəlim özüm məsələni həll edim. Xoşbəxtlikdən Qafarzadə oğluna bu icazəni verməyib. Yoxsa o da Kərim kimi gəlib "kiminsə balasını aşağılamaq fikrim yoxdur" deyib, hoqqa çıxaracaqdı.

Millət vəkili Qənirə Paşayeva deyib ki, musiqidən anlayışı olan şəxs Üzeyirə qulaq asmaz. Deyilənə görə, Üzeyir yaxşı oğlandır, mehribandır, sadədir. Ancaq Qənirə xanımın sözlərində həqiqət payı böyükdür.

Aşıq Namiqlə aşıq Fəzail də barışdı, gözünüz aydın. Bu xəbəri şərh etmirəm, özünüz şərh bölməsində fikirlərinizi yazarsınız.

Milli.Az