“Final matçı bu cür idarə olunmamalı idi”

16 İyul 2018 12:49

Danimarka millisinin keçmiş qapıçısı Peter Şmeyxel dünya çempionatının final matçını (Fransa - Xorvatiya- 4:2 ) idarə edən hakimləri tənqid edib.

Milli.Az goal.az xəbər verir ki, Şmeyhel xorvatların həvəssiz oynamasına hakimlərin ədalətsizliyinin səbəb olduğunu deyib. "Dünya çempionatının final oyunu məsuliyyət tələb edir. Təəssüf ki, hakimlər bu məsuliyyəti hiss etmədilər. Onların səhv qərarı xorvatları həvəsdən saldı. Xorvatların əvvəlki üç oyunda göstərdikləri əzmkarlıq, sonadək mübarizə aparmaq həvəsi söndü. Final matçı bu cür idarə olunmamalı idi.

Məncə, bu çempionatda azarkeşlərin simpatiyasını məhz Xorvatiya millisi qazandı", - Şmeyxel bildirib.

Xatırladaq ki, oyunun birinci hissəsində baş hakim Nestor Pitana xorvatların qapısına penalti təyin edib. Penalti mübahisəli olduğundan Pitana VAR sisteminin köməyindən istifadə edib. Oyunun videoassisent qrupunun rəhbəri italiyalı Massimillano İrrati penalti qərarını təsdiqləyib.

Milli.Az