Azərbaycanda populyar ağrıkəsici yoxa çıxacaq?
6 Sentyabr 2011 14:43
Belə ki, Britaniyadakı apteklərdə satılan "Nurofen" qutularında maniya, şizofreniya və bipolyar depressiya zamanı tətbiq olunan "Serokvel XL" həbləri aşkarlanıb.
"Nurofen" Azərbaycandakı apteklərdə də satılır.
Səhiyyə Nazirliyi sözügedən dərman preparatı ilə bağlı hansısa addımlar atmaq fikrindədirmi?
Milli.Az xəbər portalı Day.Az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Nizami Ağayevin dediyinə görə, "Nurofen" preparatı ibuprofen və yardımçı komponentlərdən ibarətdir: "Bu dərmanın tərkibində yad komponentlər indiyədək aşkarlanmayıb. Son dəfə bu preparat ölkəyə avqustun ortalarında gətirilib. Aparılan ekspertiza zamanı ekspertlər həmin preparatın tərkibində insan həyatı və səhhəti üçün təhlükəli ola biləcək heç nə aşkarlamayıblar. Dərman preparatları Azərbaycana gətirilərkən onların qabları və qutuları heç bir halda başqa qablaşdırma ilə əvəzlənmir, yəni preparat hansısa dəyişiklik olmadan idxal edilir".
Səhiyyə Nazirliyi Bakıdakı apteklərə "Nurofen"in satışdan yığışdırılması ilə bağlı göstəriş verməyib.
İstehlakçılardan da "Nurofen"in tərkibi ilə bağlı hansısa şikayət daxil olmayıb.
Milli.Az