"Rəsmi Brüssel Ermənistanın əsassız Qarabağ iddialarının Avropa üçün də təhlükə olduğunu daha konkret göstərdi"

14 İyul 2018 12:23

Rəsmi Brüssel Ermənistanın əsassız Qarabağ iddialarının Avropanın özü üçün də təhlükə mənbəyi olduğunu daha konkret göstərdi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Avropa İttifaqı və NATO-nun son Zirvə toplantıları tək qəbul etdikləri tarixi qərarlarla əlamətdar deyil. Həm də Azərbaycanın və Ermənistanın Avroatlantikanın ümumi rifahına nə verdiyi və verə biləcəklərinin müqayisəsi baxımından önəmlidir:

"NATO və Avropa İttifaqının daha bir imkanı oldu ki, Prezident İlham Əliyevin və Paşinyanın öz ölkələrinin inkişaf yolları və dünya prosesləri barədə necə düşündükləri ilə tanış olsun. Əminəm ki, hər iki beynəlxalq strukturunun rəhbərliyində bu gün Azərbaycan və Ermənistan barədə tam fərqli rəy var. Rəsmi Brüsselin bu ölkələrə və onların liderlərinə əks rəydə olmasının möhkəm əsasları var. Azərbaycan Prezidenti ilə Avropanın enerji təminatı, regionda böyük neft-qaz layihələrinin icrası, Əfqanıstanın bərpası, Çindən Londona ən səmərəli kommunikasiyalara nail olmaq yolları kimi qlobal məsələlər müzakirə edildiyi halda, bu gün tam təcrid edilmiş və özünü hamıya qarşı qoymuş miskin Ermənistanın Brüsselə hansı cəhətdən maraqlı ola biləcəyi, doğrusu, qeyri-müəyyəndir".

Ekspert bildirib ki, Azərbaycan Prezidenti avropalı insanların enerji təminatının yaxşılaşmasına, Avropa biznesi üçün meydan açılmasına, avropalı turistlərin istirahəti üçün imkanlar yaradılmasına, qarşılıqlı təhlükəsizlik şəraitinin yaradılmasına və s. əhəmiyyətli təsir göstərə bilər və göstərir də:

"Bəs Ermənistanın rəhbəri nə edə bilir? Bu gün Paşinyan çiynində daşıdığı təcavüzkarlıq mirası ilə avropalı liderlərin ovqatını korlayan ağır aura mənbəyindən başqa bir kimsə deyil. Brüssel rəsmiləri qlobal və regional xarakterli iqtisadi-siyasi məsələlər barədə Prezident İlham Əliyevdən faydalı fikirlər eşidəcəklərinə hər görüşdən qabaq əmin olduqları halda, Ermənistan rəhbərlərinin özgə torpaqlarını qəsb etməkdə yardım istəmək məntiqindən xoflanırlar. Məncə, bu sammitlərdən sonra Avropa İttifaqı və NATO-nun Azərbaycan və Ermənistana daha fərqli münasibətlərinin şahidi olacağıq. Rəsmi Brüssel Ermənistanın əsassız Qarabağ iddialarının Avropanın özü üçün də təhlükə mənbəyi olduğunu son Zirvə toplantılarının qərarları ilə daha konkret göstərdi. İlk dəfə sərhədlərin dəyişməzliyi prinsipini Zirvə sənədlərinə salmaqla Azərbaycana və Ermənistana münasibətdə yeni səhifə açdılar".

Milli.Az