"Neftçi"nin yaxşı komanda olduğunu bilirdim" - Neboyşa Viqnyeviç

12 İyul 2018 23:51

"Neftçi"ni təbrik edirəm. Öz oyunçularıma bu şərtlərdə mübarizə apardıqları üçün təşəkkür edirəm. Oyundan əvvəl rəqib barədə məlumat toplamışdım və Avropa Liqasının qrup mərhələsində çıxış etdiklərini bilirdim".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Macarıstanın "Uypeşt" komandasının baş məşqçisi Neboyşa Viqnyeviç UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Neftçi" ilə ilk matçdan sonra təşkil etdiyi mətbuat konfransında söyləyib.

50 yaşlı serbiyalı mütəxəssis "Dalğa Arena"da 1:3 hesablı məğlubiyyətin onlar üçün gözlənilməz olduğuni söyləyib: "Oyunun əvvəllərində hesabı açdıq və çox xoşbəxt idim. İnanırdım ki, qələbə qazanacağıq. Lakin bundan sonra "Neftçi" topa sahib olmağa başladı və onlara 3 qolu hədiyyə etdik. Buna görə çox təəssüf edirəm. Cavab görüşündə daha yaxşı nəticə qazancağımıza ümid edirəm. Bərabərlikdən sonra da rəqib topa sahib idi. Bu da bizə problem yaradırdı. Yenə deyirəm, rəqibin yaxşı komanda olduğunu bilirdim. Viza probleminə görə Bakıya buraxılmayan futbolçularımıza görə biz - rəhbərlik məsuliyyət daşıyırıq".

Baş məşqçi kiçik tutumlu təyyarə ilə Bakıya gələnə qədər iki dəfə yanacaq doldurmaq üçün eniş etməli olduqlarına və bu səbəbdən yubanaraq, məşq edə bilməməklərinə də toxunub: "Burada 5 ildi işləyirəm. Hər klub "Neftçi" kimi imkanlı deyil. Burda işlədiyim üçün qürur duyuram və hər şey məni qane edir. Bu, bizim problemdir və artıq geridə qaldı. Cavab matçında Bakıya gətirə bilmədiyimiz iki oyunçu da oynayacaq. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik.

Viqnyeviç "Neftçi"nin heyətində Rəhman Hacıyev, Namik Ələsgərov, Dario Frederiko və Baqali Dabonun oyununu qeyd edib: "Rəhman daha yüksək səviyyədə oynamağa layiqdir. Daboya özümüz şərait yaratdıq"

Milli.Az