Deputat: "Bütün Gəncə əhalisi baş verən hadisələri pisləyir"

11 İyul 2018 14:16

Bütün Gəncə əhalisi baş verən hadisələri pisləyir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə millət vəkili Pərvin Kərimzadə deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə, azərbaycanlılar hər zaman bu tipli hadisələri pisləyiblər:

"Sözsüz ki, Gəncə sakinləri də hər zaman dövlətə sədaqətləri ilə seçiliblər. Bu gün də ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın davam etməsi hər bir azərbaycanlının ən böyük məqsədidir".

P.Kərimzadə bildirib ki, bu gün Gəncə sakitdir, sabitlikdir, bütün Gəncə əhalisi baş verən hadisələri pisləyir və hər kəsi sabitliyə, əmin-amanlığa, şayiələrə uymamağa çağırır.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az