Messini göstərib, “Qarabağ”a söz atdı

11 İyul 2018 14:51

"Qarabağ"la oyunlarda şanslar yarı-yarıyadır".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Olimpiya"nın yarımmüdafiəçisi Matiç Çrniç deyib.

Sloveniya mətbuatına müsahibə verən Lyublyana klubunun yeni transferi Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la bu gün keçiriləcək oyun barədə danışıb. O, Azərbaycan çempionunu cütün favoriti hesab edir: "Əslində, maliyyə durumuna görə onlarla müqayisə oluna bilmərik. Ancaq futbolda nəticə ilə bağlı hansısa qayda yoxdu. Hər şey meydanda həll olur. Kimin formada, daha çox enerjiyə sahib olması önəmlidi. Lyublyanada duelin birinci hissəsinin keçiriləcəyini bilirik. Çünki Bakıda bizi cavab görüşü gözləyir. Bu üzdən də "Stojitse"də ağıllı futbol sərgiləməliyik".

İslandiya millisinin əsas qapıçısı Hannes Tur Halldorssonun "Qarabağ"a transferinə toxunan 26 yaşlı hücumameylli oyunçu maraqlı fikir səsləndirib. Görünür, Çrniç Halldorsson bugünkü qarşılaşmada iştirak etməyəcəyindən xəbərsizdi: "Halldorssonu transfer etməsi onu göstərir ki, "Qarabağ" ambisiyalı klubdu və avrokuboklara ciddi yanaşır. Büdcələri bu cür transferlər həyata keçirməyə imkan verir. Ancaq biz rəqibi dayandırmağa çalışacağıq. Messi ona qol vuramayıbsa, biz vurarıq (gülür)".

Xorvatiyanın "Riyeka" klubundan transfer olunan Çrniç xorvatların dünya çempionatındakı çıxışına da münasibət bildirib. O, bugünkü qarşılaşmanın mundialın yarımfinal görüşü ilə eyni vaxtda keçirilməsinə üzüldüyünü etiraf edib: "Açığı, bizim oyunumuzun dünya çempionatının yarımfinal mərhələsindəki Xorvatiya - İngiltərə görüşü ilə eyni vaxtda keçirilməsi üzücü oldu. Heç nə olmaz, həmin matçın təkrarına baxarıq. Və ya finalı gözləyərik. Ancaq Xorvatiyanın yarımfinala qədər irəliləməsi bizi çox sevindirir. Bu komandanın İngiltərəni məğlub etməsi və finalda da qalib gələrək dünya çempionu olmasını arzulayıram".

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Milli.Az