Balacalarımızla böyüyən PROBLEM - FOTO

11 İyul 2018 11:41

Azərbaycan kino sənətinin yaranmasından bir əsrdən çox vaxt keçib. Mavi ekranın ağ-qara filmlərdə bizlə tanış etdiyi Adil İsgəndərov, Nəsibə Zeynalova, Siyavuş Aslan, Həsənağa Turabov, Süleyman Ələsgərov, Hacıbaba Bağırov, Həsən Məmmədov, Hüseynağa Sadıqov kimi unudulmaz sənətkarları indi modellərin əvəz etdiyi dönəmə çatmışıq. 

XX əsrin sonlarından etibarən dünyanı saran Braziliya serialları "epidemiyası" çox keçmədi ki, yerini qardaş türk "dizi"lərinə verdi. Bu boşluğu hazırda da Azərbaycan tamaşaçısı türk serialları ilə bəh-bəhlə doldurmağa çalışır. Doldurub, daşırdığımızın isə fərqində deyilik... 

"Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular, onda bəlkə səndən adam olacaq" - "Bizim Cəbiş müəllim"

Dilimiz, mədəniyyətimiz, əxlaqımız, ailə modelimizin deformasiyaya məruz qaldığını görməmək üçün ölü olmaq lazımdır. Gələcəyimiz dediyimiz uşaqların körpəlikdən əcnəbi serillarda izlədiyi şiddət, təcavüz, xəyanət kadrlarının hansı fəsadlara yol açdığını təxmin etmək çətin deyil. 

• Dəyişən türkcəmiz, aqressiv formalaşan gənclik, yanlış çatdırılan "azadlıq" məfhumu ...

Son illər ölkəmizdə uşaq filmləri çəkilmədiyindən məktəblilər tətillərdə kino ekranını mobil telefonlarla əvəzləyir, ya da telekanallarda yaşlarına uyğun olmayan filmləri, serialları və ya proqramları seyr edirlər. Baxmayaraq ki, bizim "çips"lərimiz yox idi, heç çubuqlu şirələrimiz də. Partlamış qarğıdalıya "pop-korn" deyildiyini lap sonralar bildik. Kompüter oyunlarından, Wathsapp mesajlalarından, sosial şəbəkələrdən tamamilə xəbərsiz böyümüşdük.

"Ay kişi, istəmirsən səni, ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar?" 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamalarının birində uşaq filmlərinin azlığnı etiraf etmişdi: "Uşaq verilişləri, o cümlədən uşaq filmlərinin reklam verənləri (sponsorları) o qədər də maraqlandırmadığı sirr deyil. Həmçinin uşaqlar üçün nəzərdə tutulmuş efir materiallarının reklam üçün istifadə edilməsi, yəni reklamla kəsilməsi də qanunvericiliklə qadağandır. Bu kimi amillər özəl yayımçıların uşaq verilişlərinə marağını azaldır. Həmçinin xüsusilə özəl yayımçıların uşaq filmlərini yaymaqla bağlı qanuni öhdəlikləri də yoxdur".

Bu etiraf mənə "Bəxtiyar" filmindəki bir ifadəni xatırlatdı - "İşimiz əngəldir. Başa düşürsünüz ki, işimiz əngəldir?"

Ən həssas, isti, doğma mövzuya bu cür münasibət, əslində, hər birimizi narahat etməlidir. Bəlkə qapı-qapı döyüb, kinonu böyük şirkətlərin yadına salmalıyıq. 

Son illər Azərbaycan kinosuna vəsait ayrılır, filmlər, seriallar çəkilir, burada uşaqlara da xırda, epizodik rollar verilir. 

Bəlkə də bu fikirlərimə görə mənə "Məsələ sosiskada deyil e, adam gərək "vnimatelnı" olsun" cavabını vermək istəyənlər də tapılar.

İllər əvvəl çəkilən "Asif, Vasif, Ağasif", "Qaraca qız", "Mən mahnı qoşuram", "Qərib cinlər diyarında", "Şərikli çörək", "Ögey ana", "Skripkaçının sərgüzəştləri", "Bir qalanın sirri", "Sehirli xalat" və sair kimi uşaq filmləri geniş tamaşaçı auditoriyası tərəfindən bu gün də sevə-sevə izlənilir. Onlar bu gün də böyük maraq kəsb edir. Əlbəttə, bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.

Bu günün uşaqlarının seçim imkanlarısa daha genişdir. SSRİ dağılandan sonra dünya kinosunun qapıları taybatay üzümüzə açıldı, alternativlər çoxaldı. "Harri Potter", "Evdə tək", "Qarfild", "Körpə gəzintidə" kimi onlarla yabançı filmə baxmaq imkanı yarandı ki, onlar da həm uşaqları, həm də böyükləri ekran başına toplayacaq cazibədədirlər. Amma onlar yabançı filmlərdilər və təbii ki, o filmlərin yaradıldığı şirkətlərin, ölkələrin öz hədəfləri var. Bugünkü Azərbaycan uşağı hər halda Hollivud rejissorlarının, avropalı şedevr ustalarının hədəfi deyil.

Uzun illər qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların yan keçdiyi əsas sahələrindən biri, bu ölkənin film sektorudur. Belə ki, dünyanın ən yaxşılarına təqdim edilən nüfuzlu "Oskar" mükafatı 2017-ci ildə rejissorunun Əsgər Fərhadinin olduğu "Kommivoyajör" adlı ekran işinə görə İrana çatdı. İran istesalı olan bu ekran əsəri "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə  "Oskar" kinomükafatına layiq görüldü.

Siyasi arenada qarşılaşdığı təzyiqlər fonunda qonşu ölkənin yaxın keçmişdə bu cür nüfuzlu mükafata layiq görülməsində, sözsüz ki, İran film sahəsinin düzgün istiqamətdə irəliləməsidir. Nəzərə alsaq ki, qonşu dövlət bu mükafata ona qarşı ən çox təzyiqlər göstərən bir ölkədə (ABŞ-da) layiq görüldü.

Bəs o əjdahadan bizdə niyə yoxdu?

Lakin istənilən sektorda Avropa və dünyanın ən güclü ölkələrinin hesablaşmağa başladığı Azərbaycanın kinosu barədə bu sözləri demək gülünc olar. Axsadığımız film sektoruna lazımi maliyyə yardımı ayrılsa da, ortaya çıxan ekran işləri nəyinki Avropa, dünya, heç yerli tamaşaçılar tərəfindən belə rəğbət qazanacaq səviyyədə olmadı. 

Ssenarilərin zəifliyi və əksəriyyətində aktyor, rejissor işinin ürək açan olmaması su kimi aydındır. Buna nümunə kimi "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" barədə sərəncamın icrasından bu yana - C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsalı başa çatmış "Ağır illər... Xoş xatirələr" sənədli, "Dərs" və "Yarımçıq xatirələr" bədii filmləri, "4.1 şəhər motivləri" gənclər kinoalmanaxına daxil olan beş ekran əsərini misal göstərmək olar ki, Azərbaycan tamaşaçısı bu ekran işlərindən bixəbərdirlər. 

Müasir Azərbaycan kinematoqrafiyası əcaib durumdadır. O, sanki, mövcuddur, amma, eyni zamanda, həm də yoxdur. Yəni bir növ filmlər meydana gəlir, amma tamaşaçılar onları görə bilmir.

Orta statistik azərbaycanlı bu filmlərdən neçəsini görüb?

Bununla belə, demək olar ki, bütün ekspertlər tamaşaçı marağını yüksək qiymətləndirir. Statistika da göstərir ki, hazırda yerli filmlərə tamaşaçı marağı müstəqil Azərbaycan kinosunun mövcudluğundan bəri ən yüksək həddə çatıb. Hərçənd bu meyarı təkcə komediyalara aid etmək olar. Bundan başqa, ciddi filmlərin ərsəyə gəlməsi yenə də maliyyə vəsaitinin çatışmazlığına dirənir. Tamaşaçını bu və ya digər filmə baxmağa məcbur etmək üçün ən azından o, həmin filmin mövcudluğundan xəbərdar olmalıdır. Bunun üçünsə reklam lazımdır. Özü də çoxlu reklam. Kommersiya filmlərinin buna imkanı olduğu halda, qeyri-kommersiya filmləri kölgədə qalır.

Odur ki, əksər tamaşaçı ekrana çıxan yeni dramdan xəbərsiz olur. Hərçənd "ekrana çıxmaq" ifadəsi bu hala tətbiq edilə bilməz. Çünki bu cür filmlər nə kinoteatrlarda, nə də televizorda, demək olar ki, göstərilmir. Bircə hansısa "milli kino günləri" çərçivəsindəki nümayişlər istisna olmaqla. Lakin səhər saat 10:30-da hansısa tamaşaçının səhər durub kinoya gedəcəyini təsəvvür eləmək olduqca çətindir. 

Bu, sadəcə, problemin bir hissəsidir:

Ötən il Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair monitorinqin nəticələri açıqlandı.

Monitorinq Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305 milyon 650,8 min manat məbləğində vəsaiti əhatə edib.

Sənəddə qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb. Filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.

Müəyyən edilib ki, respublikada keçirilmiş bəzi tədbirlər üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməyib. Yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim aktlarına əsasən vəsaitlər ödənilib. Bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olub. Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmayıb.

Bu qədər həngamənin qarşısında "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov 2016-cı ilin 12 aprel tarixində Milli Məclisin Mədəniyyət komitəsinin baş tutmuş iclasında Azərbaycanda kino sahəsində müəyyən güzəştlərin tətbiq olunması, yerli filmlərin istehsalından deyil, onun satışından, yayımından verginin ödənilməsini təklif etmişdi.

Bu yaxınlarda 120-ci ildönümü qeyd ediləcək Azərbaycan kino sənəti, hazırda tamaşaçısı üçün absurd şəraitdə platonik sevgini xatırladır!

Bir şəxsiyyətin formalaşmasında yaşadığı cəmiyyət böyük əhəmiyyət kəsb edir. Sağlam cəmiyyət, sağlam düşüncəli şəxslər yetişdirir. Bunun üçün papağımızı qabağımıza qoyub, bir daha yaxşı-yaxşı düşünməliyik. Nə qədər ki, gec deyil!

Təhməz Təkin
Milli.Az