“Neftçi” rəhbərliyinin dəyər problemi - FOTO

11 İyul 2018 10:59

Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına stadionun adının dəyişdirilməsi geniş müzakirələrə səbəb olub.

Milli.Az Sport7.az-a istinadən xəbər verir ki, "Neftçi" Türkiyənin məşhur brendlərindən biri olan "Türk Hava Yolları" ilə yeni sponsorluq müqaviləsi imzalayıb. Müqavilənin maliyyə tərəfi açıqlanmayıb.

Amma "Neftçi"nin öhdəlikləri məlumdu. "Türk Hava Yolları"nın adı və loqosu "Neftçi"nin tərəfdaşı kimi təqdim olunacaq, məşq formalarının üzərində bu şirkətin adı yazılacaq. Ən əsası isə Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına baza bundan sonra "Türk Hava Yolları Futbol Mərkəzi" adını daşıyacaq. Bazanın tikintisi hazırda davam edir və onun nə vaxt tamamlanacağı məlum deyil.

20 noyabr 1991-ci ildə Qarakənd səmasında vurulan vertolyotda şəhid olan İsmət Qayıbov həmin vaxt Azərbaycan Respublikasının baş prokuroru vəzifəsini daşıyırdı. Onunla yanaşı bir sıra dövlət rəsmiləri ermənilərlə danışıqlar aparmaq üçün Dağlıq Qarabağa yollanmışdı. İsmət Qayıbovun adının bazadan götürülməsi azarkeşlərin və ictimaiyyətin ciddi narazılığına səbəb olub, onlar bu addımı Qayıbovun unutdurulmasına xidmət edən hörmətsizlik kimi qiymətləndirirlər.

Maraqlıdı ki, İsmət Qayıbovun adının bazadan götürülməsi "Neftçi"nin ilk belə davranışı deyil. Bir müddət əvvəl oxşar davranış Azərbaycan bayrağına qarşı da göstərilmişdi. Sizə təqdim etdiyimiz fotoşəkillərdən də bunu görə bilərsiz.

Uzun müddət "Neftçi"nin avtobusunun üzərində üçrəngli bayrağımız əks olunmuşdu. 2017-ci ilin fevralında görkəmi dəyişilən avtobusdan Azərbaycan bayrağının rəngləri götürüldü.

Deməli, ölkənin ən qocaman klubunun dəyərlərimizə qarşı həssas davranmaqla bağlı problemi hələ çoxdan var. Ümid edək ki, bundan sonra daha diqqətli olacaqlar.

Milli.Az