Polkovnikləri qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər axtarılır - RƏSMİ - FOTO

11 İyul 2018 09:46

Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi Və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumat yayıb.

Milli.Az bildirir ki, məlumatda deyilir:

"İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. 

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən  intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur".

Milli.Az

Böyükkişiyev Rəşad Məmmədəli oğlu

Qasımov Fərrux Xəqani oğlu