Prezident İlham Əliyev: "Seçkilərə kölgə salmaq istəyənlərin sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi"

9 İyul 2018 22:25

Seçkilərə kölgə salmaq istəyənlərin sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir:

"Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq".

İlham Əliyev vurğulayıb ki, seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş "exit-poll"lar rəsmi nəticələrlə üst-üstə düşür: "Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir".

Prezident əlavə edib ki, seçkilərə kölgə salmaq istəyənlər isə növbəti dəfə iflasa uğradılar: "Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi. Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş "etiraz" mitinqinə min nəfərdən çox adam yığa bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.

Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənə təbrik məktubları göndərmişlər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları vardır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir".

Milli.Az