Tünzalənin dekoltesi, Murat Boza görə vur çatlasın, Rəqsanənin qızı, soyunan Mələk - HƏFTƏBECƏR

9 İyul 2018 09:15

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (179-cu say) təqdim edir.

İki həftədir mən yalan olmuşam, hamınız Qulpqoyan dayını soruşursunuz. Heç yerə getməyib, Bakıdadır. Bir azdan biləcəksiniz nə işlərlə məşğuldur.

Əməkdar artist Tünzalə Ağayeva son vaxtlar daha çox dekolteli libaslarda fotolarını paylaşır. Fotolara da ən azı 10-12 min bəyənmə gəlir. Tünzaləni başa düşdük, sənətçidir, hər hansı formada gündəmdə qalmağa ehtiyac duyur. Bax, həmin 10-12 min nəfəri anlamıram. Türkün məsəli, bir gördüyünüz şeyi ikinci dəfə bəyənmək nə deməkdir?

Dekabrın 21-də Bakıda bir vur çatlasın olacaq ki, gəl görəsən. Özünü "lezvalayan" kim, ürəyi gedən kim, qışın günündə ətcəbala konsertə gələn kim. Nəysə, çox uzatmayım, deyim ki, Murat Boz dekabrın 21-də Bakıya gələcək. Əgər bu bəyin pərəstişkarı olan kimisə tanıyırsınızsa, deyin dekabrın 21-nə nə işləri varsa, təxirə salsınlar. Zarafat bir yana, yəqin ki, yenə də Türkiyə mediası bəzi qızlarımızın etdiyi biabırçılıqları işıqlandıracaq. Bu yerdə Qulpqoyan dayı deyir ki...(əlimi ağzına tuturam)

O gün televizora baxıram. Rəqsanənin qızı deyir ki, o vaxt Günay İbrahimli "Aygündən, Röyadan sonra mən gəlirəm" deyirdi. Yəni, indi Günaydan sonra da Aysun gəlir. Aysun bəlkə də yetərincə vicdanlı, ürəyi yumşaq qızdır. Amma təəssüf edirəm ki, çox gənc yaşından doğru yol seçmədi. Gah modelyerəm dedi, gah hüquqşünas olacağını söylədi, indi də müğənniliyə iddialıdır. Qulpqoyan kişi deyir, ora yaz ki, ay bala, adam Rəqsanənin qızı olanda nə olar, mütləq müğənni olmalısan? Bəlkə də bu gənc xanım cəmiyyət üçün daha faydalı ola bilərdi. Amma gözünü açdı, anasını gördü, şöhrət xəstəliyinə tutuldu və sair. Etiraf edim ki, bu məsələdə mətbuatın da təqsiri az deyil.

Aktrisa Mələk Heydərova deyib ki, açıq-saçıq fotolar çəkdirməklə kiminsə kefini açıramsa, burada qəbahətli heç nə görmürəm. İndicə bu xəbəri oxuya-oxuya görürəm ki, Qulpqoyan dayı dodağının altında nəsə deyir. Soruşuram ki, nə olub? Deyir, ay bala, savab iş görürsən, soyun getsin.

Rəhim Rəhimlinin evlənməsi xəbəri yayılıb. Sağ əli sənət aləmindəki subayların başına. Başda Samiraldo, falçı Bayram olmaqla hamısının toyu olsun, biz də saytlardan oxuyaq, sevinək.

Milli.Az