Milli.Az interview.az-a istinadla ARB-də yayımlanan "Xalqın şairi" verilişi ilə məşhurlaşan şair Fərid Kərimovla müsahibəni təqdim edir:
- İlk dəfə şeir yazmağa nə vaxt başlamısınız?
- İlk dəfə 13 yaşında başlamışam. Amma o vaxtlar heç kim bilmirdi ki, mən şeir yazıram. 17 yaşım olanda sadəcə məclis idi, elə-belə mikrofonu götürdüm bir şeir dedim. Ondan sonra məhəllədə dostlarım, tanışlarım filan deyirdilər ki, Fərid şeir yazır. Hə, sonra evdən məni sıxmağa başladılar ki, yazırsan, bizə niyə demirsən. Beləliklə, çıxmağa başladım, yəni harada gəldi şeir deyirdim. Amma 13 yaşından yazmağa başlamışam.
- Bəs şeir yazmağa vadar edən mühüm insan, fikir, hadisə olub?
- Onu həmişə deyirəm mən, düzdür, insan, fikir, onlar hamısı olur, o sözsüzdür. Yəni nə isə olmalıdır. Ancaq insanın içində bir kədər var. O kədəri yazıram. Ola bilər gülüş olsun. Mənim belə bir sözüm də var:"Gülüş ilə çərçivəli kədər". Yəni ola bilər üzündə gülüş görünsün, amma insanlara görə, onlara pozitiv enerji ötürməyə görə, lakin əsli kədərdir.
- Ən çox müraciət etdiyiniz mövzular bir eşqdir, bir də yalnızlıq. Bunun səbəbi nədir?
- Eşq elə yalnızlıqdır. Həzrət Əlinin bir sözü var, deyir "aşiq həmişə tənhadır". Yəni o dediyinizin ikisi də elə eyni şeydir. Əslində, indi yaşımız o yaşdır. Bir dəfə Ramiz Rövşənin müsahibəsinə qulaq asırdım. Eşq şeirləri deyir, sonra da deyir ki, mən də sizin kimi cavan olan vaxtı yazmışam bu şeirləri. İndi amma deyirəm. O vaxtı yazmışam. Hər yaşın öz dövrü olacaq. İndi elə bir dövr olacaq mən o vaxtı püxtələşib valideyn mövzusunda da yaza bildim, bəlkə vətən mövzusunda da. Düzdür, var hal-hazırda yazdıqlarım, amma onları çıxartmaq istəmirəm işıq üzünə. Amma yenə də düz deyirsiz ən əsas o mövzuda yazıram.
- Bildiyimiz kimi son dönəmlər sosial mediada, sosial aləmdə xeyli məşhurlaşmısınız. Amma onu da qeyd etmək lazımdır ki, burada yaxşı fikirlərlə yanaşı mənfi fikirlər də olur. Belə hallara necə yanaşırsınız? Necə reaksiya göstərirsiniz?
- Mənfi fikirləri mən ən yaxın bildiyim adamlardan görmüşəm elə. Kimi ki, heç ümumiyyətlə tanımıram, baxırsan ki, filan instagramda səhifə, yaxud da youtube-da kim isə paylaşıb. Elə-belə bir nəzər yetirirsən, görürəm yox ,orada çox elə də bir pis fikirlər ilə rastlaşmamışam. Uzaqbaşı ola bilər ki, çox az faiz insan, mən həddindən artıq çox jest, mimikadan istifadə edirəm, ola bilər bunlara irad tutsun. Məsələn elə olub ki, qəmli şeir deyən yerdə gülürəm, buna irad tutan olub. Lakin sırf şeir pisdir, belə bir şey çox görməmişəm. Amma öz tanışlarımın, yaxınlarımın necə deyərlər iç üzlərini görmüşəm .Biraz paxıllıq da var burada, hər şey var. Təbii ki, onlara da heç nə demirəm, nə deyəcəyəm ki? Onların əgər mən hərəsinə bir söz desəm, gərək mən elə yerimdə qalım. Qabağa gedə bilmərəm. Yəni irəliləyə bilmərəm.
- Bəs sizin dünyada və Azərbaycanda bəyəndiyiniz şair var?
- Dünyada Şekspiri oxumuşam. Çox bəyənmişəm onu həqiqətən. Hətta o prinsiplərə, şeiriyyətin qanunlarına çox dəqiq riayət edən adam idi.Yəni şeirlərini çox bəyənmişəm dünya üzrə. Lap qədimə də gedə bilərik, təbii ki, avropadan filan, amma onlar yəni adi sözlər idi. Bu elə bir dövrdə yaşayıb ki, o dövrdə Avropada şeiriyyət ölmüşdü, ancaq müharibə dövrü idi.Yəni o adam onların içərisində şeir yaza bilirdi. O özü bir ayrıcalıq idi. Azərbaycanda da mən həmişə demişəm, Salam Sarvanı çox bəyənirəm. Mən özüm əslində onu oxumamış da yazırdım şeir, amma onu oxuyanda gördüm ki, sadəcə o məndən professionaldır. Tərzimiz eyni tərzdə gedir. Ona görə o adamı çox bəyənirəm. 3 cild şeir kitabı var. Düzdür, üçünü də əldə edə bilməmişəm, amma bacardığım qədər oxuyuram.
- Hansısa bir olmazsa, olmaz dediyiniz tərz var?
- Yəni, əsasən, heca vəznində yazıram, təbii ki, əruzda da var, sərbəst şeir də var. İndi əruzu cavanlar, gənclər biraz istəmirlər deyə çox da onları demirəm. Sərbəst də demişəm, hecə vəznində də var. Olmazsa,olmaz deyəndə ki, mən çalışıram ki, rahatlığa yer verim, bu bir sirrdir. Yəni yazdığım şeirin sirrini deyim. Orada çalışıram rahatlığa fikir verim.Yəni hal-hazırda bizim gündəlik həyatda işlətdiyimiz sözlər, ibarələr, frazeoloji birləşmələr, bunlar camaata rahat gəlir. Məsələn, öz fikrini qətiləşdirmək istəyəndə çalışırsan ki, orada bir dənə frazeoloji birləşmə deyəsən, bir dənə atalar sözü deyəsən, oturda biləsən fikrini. Mən də çalışıram ki, onlara fikir verim ki, diqqət edim ki, yəni rahat olsun. Belə bir şey var, biz kiməsə məsləhət veririk, verəndə quru-quru məsləhət verəndə keçərli olmur, amma o məsləhəti verəndə bir dənə də yanında atalar sözü deyirsən, ya da bir məsəl danışırsan o artıq olur əla. Bu şeiriyyatda çalışıram mən, sözümü deyirəm. Onsuz da eşqdən yazan nə yazacaq?(düşünür). Ayrılıqdı, sən məni belə etdin, elə etdin, atdın getdin. Hamı bunu deyəcək. Amma indi bunu gətirib elə bir söz ilə ifadə edəsən ki, el misalıdır. Məsələn, şeirlərimdən birində də var belə bir şey: Saman altından su yeridək. Mən indi su yeritmirəm, biraz da onu ağartmışam, etmişəm onu, biraz şairlərdə var o şişirtmək, mübaliğə var, mən də etmişəm onu dərya yeridək. İstər-istəməz bu insana xoş gəlir. Mənim özümə xoş gəlməsə də, kiməsə bu insanlara xoş gələ bilir. Mən ona görə məəttəl qalıram ki, bunlara necə xoş gəlir bu şeirlər? Doğurdan, görəsən mən də sizin yerinizdə olsaydım, mən də bəyənərdim? Bilmirəm. Amma yenə mən orada desəydim ki, "heç nə, biz ayrılmışıq, sən getdin, filan" biraz soyuq olacaq. Hətta mən bir dəfə metroda gedirdim. Eşidirəm arxadan iki nəfər danışa - danışa gedir. Biri - birilərinə deyirlər: "Sən saman altından dərya yeridə bilirsən?". O biri də deyir: "Hə, yeridirəm. Sən yeridirsən?" Bu an çevrildim arxaya baxdım, onlar da təsadüfən məni gördülər. Başladılar məni söhbətə tutmağa. Hələ təzə - təzə tanınmışdı o şeir.
- Bir növ yeni bir aforizm yaratmısınız. "Saman altından dərya yeridək"...
- Şeirdə gerçəklik, yoxsa ideal dünya?
- Əslində ikisi də olsa, yaxşı olar. İdeal dünya olsa, əlçatmazlıq burada müşahidə olunur. Təbii ki, ideal dünyanın əlçatanı da olur. Amma əlçatmaz olanda daha qabarıq olur şeir. Bir də dediniz gerçəklik. Gerçəklik olanda o daha səmimi gəlir. Yəni bir var onsuz deyirsən biz ayrılmışıq filan. Onu bir az şişirdəndə, bəzəyib - düzəyəndə baxır ki, daha nə etdin e sən?! Ayrılığın şitni çıxartdın(gülür). Gül kimi ayrılırdıq, bizdən ayrılan olmaz, ayrılmayaq. Amma bir də var ki, gerçəkliyə uyğun olanda daha səmimi olur.
- Biz, adətən, eşidirik ki, insan kədərli olanda pozitiv amillərə müraciət etməlidir ki, əhvalı düzəlsin. Lakin Ramiz Rövşən "Qəmin hərifi" yazısında qeyd edirdi ki, əksinə insan kədərli olanda qəmgin şeirlər oxumalıdır ki, mənəvi cəhətdən o ağırlığı şeirlə əvəz etsin. Sizcə, necə belə hallarda insan kədərini bölüşməlidir şeirlə?
- Sözsüz elədir. Necə deyərlər, ağ gülün kölgəsi də qaradır. Yəni o kədərli anda niyə gülüş olmalıdır ki?! Hər şeyin yeri öz yeri var. Gülüş lazım olanda toyda oynayarsan(gülür).
- Sizcə, tanınmazdan öncəki həyatınız daha yaxşı idi, yoxsa tanınandan sonrakı məşhurluğunuz?
- Əslində ikisinin də öz yeri var. Amma tanınmamışdan öncəki həyatım daha rahat idi mənim üçün. Daha relax idi, daha sərbəst idi. Burada istər-istəməz, yəni indi mən efirə gedirəm, ora çıxmışamsa, gör ona nə qədər adam baxır, milyonlarla adam bizi izləyir. İstər-istəməz orada nümunəvi hərəkətlər etməlisən. Düzdür, hər bir şeydə nümunnəvi olacaq hərəkət etməlisən, amma bir var on nəfərin içində, bir də var milyonun içində. Bu da var yəni. Orada hər bir hərəkətə - işlətdiyim jestə qədər fikir verirəm. Ona görə məndə biraz sıxıcılıq var. Bu yaxınlarda atam ilə danışdım, özü burada deyil, xarici ölkədədir. Dedim bəsdir, daha mən yazıb ancaq öz-özümə oxumaq istəyirəm, olar elə? Bir dənə söymədiyi qaldı. Nə edim? Davam etmək lazımdır. Sadəcə yazmaq oldu-olmadı onsuz da yazacam. Yazmasam, rahat ola bilmirəm təbii ki.
- Şeirdən əlavə əsərləriniz var?
- Hə, onu deyim ki, nəsr yazıram. Amma ümumiyyətlə, fikir versəniz, qəzetə filan şeir vermirəm. Hətta bu şeirlər çıxmışdı, onları heç mən öz instagram səhifəmdə də paylaşmamışdım. Cəmi iki dənə öz şəklim var idi. Hara çeviridim, özümü görürdüm, amma deyirdim ki, bunları mən paylaşmamışam(gülür). Hamı da mənə təbrik mesajı yazmaq istəyir, daxil olur səhifəmə baxır, 70 nəfəri izləyir, 70 nəfər də izləyicisi var. Bu qədər. Kimsə yazan kimi mən də o dəqiqə cavab yazırdım. Onlar da təəccüblə deyirdilər ki, "Doğrudan bu sizsiz?" Deyirdim hə. "Yox inanmıram". Necə inanmıram mənəm də bu. Yəni demək istəyirəm ki, yazılarımı heç yerə vermirəm. Nəsr yazılarımı istəyirəm bir broşura, kitabça formasında hazırlayım. Çünki nəsri də şeir kimi deyə bilməyəcəm axı(gülür).
- Bu barədə izləyicilərinizi nə zaman məlumatlandıracaqsınız?
- Yayın sonuna yaxın İnşallah kitab çap etmək fikrindəyik. Orada yeni şeirlər də olacaq. Hamı mənə deyir ki, təzə şeir nə oldu? Mən də deyirəm ki, təzə şeiri hazırda deyə bilmirəm. Soruşurlar niyə? Əgər mən bu şeiri desəm, bəs mənim kitabımı kim oxuyacaq?!
- Sizi məşhurluğa aparan müsabiqəyə necə qoşuldunuz?
- Deməli, verilişin anonsu gedir. Dəvət edirik gənc şairləri, yazarları filan. Mən də baxıram ki, bu dəqiqə atam məni "calayacaq" ora. Üzümü bir o yana, bir bu yana çevirirəm. Birdən dedi ki, qalib olana iki otaqlı ev verilir. Bu dəm kişi coşdu(gülür). Onu da qeyd edim ki, mənim şeirlərimi hamıdan çox bəyənən də, tənqid edən də atamdır. Həqiqətən, çox tənqid edir amma. Bezirəm də tənqiddən. Atacam bir gün bu yazmağı onun əlindən. Axır dedim mən istəmirəm, getmirəm verilişə. Mənim yerimə zəng etdi ki, mən Fərid Kərimovam. Bakı Dövlət Universitetində filologiyada təhsil alıram filan. Hamısını dedi. Heç səsindən də hiss etmədilər. Doğrudan da amma mən atamla yan - yana gəzəndə mən ondan qoca görünürəm(gülür). Özü də deyir camaat arasında mənə ata demə. Qaqaş filan de. Elə mənim yerimə də danışdı. Verilişə gedən gün də saçıma qədər özü daradı, göndərdi(gülür).
- Zəhmətinizin qarşılığı mənəvi və maddi cəhətdən sizi qane edir?
- Mənəvi cəhətdən bəli, qane edir. Onsuz istənilən halda mən şeir yazmasam dayana bilmirəm. Xəstəlikdir bir növ məndə. Yazmayanda xəstlikdə qalmış oluram. Şeir də müalicədir bir növ. Maddiyata gəldikdə isə, mən birinci dəfə dediyim şeirə görə pul alanda ağlamışdım. Çox pis olmuşdum. Təbii ki, o məsələ də var. Nə yeyib, nə içəcəksən?! Qonorar var ki, bir də. Məsələn, qəzetə filan şeiri verirsən, qonorar alırsan. Oradan lap beş manat da alsan o da adama çox xoş olur. Əlavə məsələn, Türk müğənnisi Adil Karaca məndən mahnı sözü yazmağımı istədi. Amma ümumilikdə madiyyata üstünlük vermirəm. Səmimi deyirəm mən elə bilirəm ki, hislərimi pula satıram. Ona görə pis oluram.
- Şeirdə gerçəklik, yoxsa ideal dünya?
- Əslində ikisi də olsa, yaxşı olar. İdeal dünya olsa, əlçatmazlıq burada müşahidə olunur. Təbii ki, ideal dünyanın əlçatanı da olur. Amma əlçatmaz olanda daha qabarıq olur şeir. Bir də dediniz gerçəklik. Gerçəklik olanda o daha səmimi gəlir. Yəni bir var onsuz deyirsən biz ayrılmışıq filan. Onu bir az şişirdəndə, bəzəyib - düzəyəndə baxır ki, daha nə etdin e sən?! Ayrılığın şitni çıxartdın(gülür). Gül kimi ayrılırdıq, bizdən ayrılan olmaz, ayrılmayaq. Amma bir də var ki, gerçəkliyə uyğun olanda daha səmimi olur.
Milli.Az