Millimiz "Keşlə"yə uduzdu

3 İyul 2018 11:58

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Keşlə"nin əvəzedici komandası ilə üz-üzə gələn U-16 0:1 hesabı ilə məğlub olub.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov oyun barədə fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: "Çalışırıq ki, futbolçularımız özlərindən yaşca böyüklərlə qarşılaşsınlar. Bundan öncə U-17 ilə üz-üzə gəlmişdik. Düzdü, həm əvvəlki, həm də bu oyunda məğlub olduq. Amma bizi indi nəticə maraqlandırmır. Əsasən, futbolçularda xarakter, mübariz keyfiyyətləri görmək istəyirəm. Futbolçular hər iki oyunda bu baxımdan özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün rəqibin üzvləri futbolçularımızdan 4-5 yaş böyük olsa da, hamısından razı qaldım. Komandanın oyunu məni sevindirdi. Bu komanda ilə gələcəyə nikbin baxmaq olar. Təbii ki, çatışmayan cəhətlər də var və o yöndə çalışacağıq. İyulun 4-də  "Sabah"ın əvəzedici komandası ilə qarşılacağıq".

Milli.Az