Bakıda orta məktəbə maskalı şəxslər basqın etdi

1 Aprel 2010 16:46
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin rəisi Rəfail Albabayev Milli.Az xəbər portalına bildirib ki, hadisə aprelin 1-də saat 03:00 radələrində baş verib. Üç nəfər maskalı şəxs Özbəkistan küçəsində yerləşən 12 saylı məktəbə basqın edərək məktəbin gözətçisi Famil Tağıyevi döyüb. Sonra naməlum şəxslər onun əl-qolunu bağlayıb, məktəb direktorunun otağındakı avadanlıqları götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Bakı Şəhər Təhsil İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə Milli.Az-a faktı təsdiq edərək bildirib ki, məktəbin keçmiş polis əməkdaşı olan gözətçisi Famil Tağıyev gecə saatlarında məktəbin işıqlarının sönməsindən şübhələnərək 2-ci mərtəbəyə qalxıb. Bu zaman 3 nəfər maskalı şəxs ona hücum edərək döyüb, sonra isə əllərini və ağzını bağlayıblar. Naməlum şəxslər mərtəbədəki otaqların birindən 1 ədəd faks, 1 ədəd noutbuk və 1 ədəd proektor aparıblar. Məktəbin qapısı yaxınlığından bir ədəd maska və alışqan tapılıb.

Anar Məmmədov
Milli.Az