Türkiyə ən yeni siyasi tarixinin ən mühüm mərhələsinə qədəm qoydu

25 İyun 2018 13:29

Türkiyə Cümhuriyyəti 24 iyun seçkilərilə ən yeni siyasi tarixinin ən mühüm mərhələsinə qədəm qoydu. Bu mərhələdən sonra başlayan siyasi era qardaş ölkənin önümüzdəki yüzillikdə yerini və rolunu müəyyən edəcək.

Bu barədə Milli.Az-a açıqlamasında iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin nəticələrini şərh edən Milli Məclisin üzvü, YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, o, bu seçkiləri heç də təsadüfən onümüzdəki yüzillik kontekstində qiymətləndirmir: "Hazırda beynəlxlq münasibətlər tarixinin çox mürəkkəb bir dövrünü yaşayırıq və Türkiyənin yerləşdiyi geostrateji bölgə də daxil olmaqla bütövlükdə Yaxın Şərq və Şimali Afrika təhlükəsizlik baxımından ən çox təhdidlərə məruz qalan bir siyasi coğrafiyadır. Bu təhdidlərin mənbəyi bir sıra imperialist mərkəzlərdir. Onlar həmin siyasi coğrafiya üzərində siyasi və demoqrafik mühəndislik edərək yeni hibrid müharibələr vasitəsilə öz maraqlarına xidmət edəcək yeni nizam yaradırlar. Belə kritik mərhələdə Türkiyənin regionun ən güclü aktoru kimi davranışları həm öz siyasi gələcəyi üçün, həm də bütövlükdə regionun gələcəyi üçün olduqca vacib idi. Qısacası, ya türk xalqı doğru qərar qəbul edərək dövlətçilik və regionda söz sahibi ola bilmə problemini həll edəcək, ya da müsəlman Şərqinin digər dövlətlərinin taleyini yaşamağa məhkum ediləcəkdi. Düşünürəm ki, Türkiyə xalqı bu siyasi reallığı obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi".

H.Babaoğlu hesab edir ki, Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyasının (BBP) yaratdığı "Cümhur İttifaqı"nın qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından olduqca mühüm bir hadisədir: "Qələbənin təmin olunmasında isə heç şübhəsiz, təcrübəli dövlət adamı, ciddi siyasi iradə nümayiş etdirməyi bacaran, Türkiyənin milli maraqları baxımından mühüm qərarlar qəbul edən Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti əhəmiyyətli rol oynadı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu prosesdə Milliyyətçi Hərəkat Partiyasının da başından bəri prinsipial mövqe ortaya qoyması əslində bu ittifaqın və bütövlükdə qardaş ölkənin uğurlu siyasi gələcəyini müəyyən etdi".

Onun fikrincə, Türkiyənin prezident idarəetmə üsuluna keçməsi də xalqdan gələn sosial sifariş idi: "Türkiyə bu seçkilərdən sonra yeni idarəetmə üsuluna keçəcək və prezident üsul-idarəsilə idarə ediləcək. Həm tarixi reallığı, həm də bugünki siyasi prosesləri nəzərə alsaq, deyə bilərik ki, bu mürəkkəb mərhələdə yeni idarəetmə üsulunun tətbiqi həm milli mentalitetimiz, həm də siyasi məqsədlərə çatmaq baxımından ən doğru olanıdır. Türkiyə kimi mürəkkəb bir coğrafiyada yerləşən və olduqca mürəkkəb demoqrafik və ideoloji daxili mikrostruktura malik olan bir ölkənin vahid bir mərkəzdən idarə olunması sosoial sifariş kimi ortaya çıxmışdı və Türkiyə xalqı öz sifarişini demokratik seçkilər vasitəsilə təmin etdi".

Politoloqun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri həmişə yüsək səviyyədə olub və seçkilərdən sonra daha da yüksələn xəttlə inkişaf edəcək: "Həm iki qardaş ölkə xalqının siyasi sifarişi, həm də ölkələrin liderlərinin dostluq və qardaşlıq münasibətləri, onların daim xalqlarımızın mənafeyi baxımından çıxış etmələri və bu maraqları uzlaşdırma bacarıqları Türkiyə-Azərbaycan münasibətləini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Azərbaycan həmişə ən çətin məqamlarda Türkiyəni və onun dəstəyini yanında hiss edib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev TANAP layihəsinin açılışında çıxış edərkən bir daha bildirdi ki, Türkiyənin gücü bizim gücümüzdür. 24 iyun seçkilərindən sonra isə Türkiyə bir az da gücləndi, deməli, həm də Azərbaycan gücləndi. Mən qəbul etdikləri müdrik qərar münasibətilə Türkiyə xalqını, Türkiyədəki dostlarımı və bütövlükdə "Cümhur İttifaqı"nı təbrik edirəm!"

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə "Cümhur İttifaqı" quran və Böyük Birlik Partiyası (BBP) tərəfindən də dəstəklənən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan iyunun 24-də keçirilmiş seçkidə 52.5% səs toplayaraq ilk turdaca yenidən prezident seçilib. Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 30,6%,  Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,3%, 2017-ci ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,3%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,8%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Bu seçkidən sonra Türkiyə parlament idarə-üsulundan prezident idarə-üsuluna keçib. Belə ki, 16 aprel 2017-ci ildə konstitusiya dəyişikliklə bağlı keçirilən referendumun nəticələrinə görə, Türkiyə prezident idarəetmə üsuluna keçir.

Parlament seçkilərində "Cümhur İttifaqı" 53,65% (AKP-42,55%, MHP-11,11% ) səslə  qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% (22,64%, İyi Parti 9,97%, Sədatə Partiyası 1,35%) səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası (HDP) 11,69% səs alaraq parlamentdə təmsil olunmaq hüququ qazanıb.

Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra ilk dəfə keçirilən seçkidə AKP mandatların çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə parlamentdəki ümumi mandat sayı 339-a yüksəlib. Bu isə faktiki olaraq parlament çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 22,74% səslə 146, HDP 11,7% səslə 67 və İyi Partiya 10,07% səslə 45 mandat qazanıb.

İlkin İzzət
Milli.Az