Cəzaçəkmə müəssisələrinə qanunsuz əşya və narkotiklər keçirilməsinin qarşısı alınıb

1 Aprel 2010 13:57
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, aşkar olunan faktlar əsasında 50 qrama yaxın heroin, 4 qram marixuana, 10 qramdan çox tiryək müsadirə olunub.

Məlumatda qeyd olunur ki, martın 24 və 28-də 6 saylı cəzaçəkmə müəssisəsində müəssisəyə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Keçirilmiş tədbirlər nəticəsində 46,4 qram heroin götürülüb.

Həmçinin, martın 19-da Qobustan həbsxanasında, 25-də isə 2 saylı cəzaçəkmə müəssisəsində məhkumlara mobil telefonların ötürülməsinin qarşısı alınıb.

Bu ilin üç ayı ərzində cəza çəkənlərə və təqsirləndirilən şəxslərə qadağan olunan əşyaların ötürülməsi ilə bağlı 84 fakt müəyyən edilib ki, onlardan da 22-ni mobil telefonlar təşkil edib.

Aşkar olunmuş faktlarla bağlı materiallar aidiyyətı istintaq orqanlarına göndərilib.

Milli.Az