""Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır"

14 İyun 2018 15:58

"Cənub Qaz Dəhlizi" layihəsinin işə salınması Azərbaycan və Avropa İttifaqı (Aİ) üçün xoşbəxt məqamdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanda Avropa İttifaqı nümayəndə heyətinin birinci müşaviri Denis Daniilidis deyib.

Onun sözlərinə görə, iyunun 12-si çox mühüm gün oldu, belə ki, Əskişəhərdə Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimi keçirildi:

"Bildiyiniz kimi, mərasim bir sıra ölkələrin dövlət başçıları, o cümlədən Azərbaycan Prezidentinin iştirakı ilə keçirilib. Bu, həm Aİ, həm də Azərbaycan üçün xoşbəxt məqamdır, çünki "Cənub Qaz Dəhlizi" layihəsi reallığa çevrildi. Növbəti addım TAP boru kəmərinin istifadəyə verilməsi olacaq. Burada da hər şey plana uyğun olacaq, bizim üçün heç nə dəyişməyib. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına hər hansı şübhəsi olanlar iyunun 12-də öz baxışlarına yenidən nəzər salmaq imkanı qazandılar".

Birinci müşavir bildirib ki, TANAP-ın buraxılışı tərəflərin Azərbaycan qazını iki ildən sonra Avropa bazarlarına gətirəcək "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üzrə birgə işə sadiq olduqlarını aydın şəkildə göstərdi:

"Azərbaycanı təbrik edirəm, bu uzaqgörən ideyanın sahiblərini təbrik edirəm. Hesab edirəm ki, münasibətlərin inkişafında növbəti addım nəqliyyat kimi sahələrdə daha inteqrativ layihələr olacaq, çünki Azərbaycan nəqliyyat qovşağı qismində daha böyük rol oynamaq niyyətindədir. Biz Aİ və Azərbaycan arasında çox vacib olan nəqliyyat sektoru üzrə strateji dialoqa başlamışıq. "Cənub Qaz Dəhlizi" artıq buradadır, o reallıqdır, Avropa İttifaqı ilə Azərbaycanı birləşdirir. Biz xalqlarımızı və ticarət maraqlarımızı birləşdirən daha çox layihə həyata keçirməyə səy göstərməliyik".

D.Daniilidis qeyd edib ki, Aİ və Azərbaycan strateji enerji tərəfdaşlarıdır:

"Enerji tərəfdaşlığı haqqında anlaşma memorandumu var, hazırda isə biz daha hərtərəfli olan və əvvəlkindən daha çox sahələri əhatə edən yeni sazişi üzrə danışıqlar aparırıq. Azərbaycan son illərdə çox dəyişib, Aİ də dəyişib. Buna görə də, gəlin, yeni saziş məsələsində nikbin olaq. Mən ümid edirəm ki, bu saziş xalqlar, şirkətlər və administrasiyalar arasında daha güclü inteqrasiyanı təmin edəcək".

Qeyd edək ki, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin açılış mərasimi keçirilib.

"Cənub Qaz Dəhlizi"nin mühüm hissəsi olan TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Bundan əvvəl isə, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin rəsmi açılışı olub.

Milli.Az