AXCP və Müsavat birgə mitinqlər keçirə bilər
1 Aprel 2010 12:33
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) builki parlament seçkisinə qədər qurultayını keçirməyi nəzərdə tutur. Bu barədə Milli.Az xəbər portalına AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib.
Onun sözlərinə görə, artıq partiyanın bir çox rayon təşkilatlarında konfranslar keçirilib. "Yalnız 20-yə yaxın rayon təşkilatında konfransların keçirilməsi qalıb. Onları da aprel-may aylarında yekunlaşdırıb, qurultayın vaxtı haqqında qərar qəbul eəcəyik"- deyə o, bildirib.
Partiya funksioneri onu da deyib ki, qurultayın keçirilməsi üçün yer ayrılmayacağı təqdirdə alternativ variantlara əl atacaqlar. "Bütün hallarda qurultayı parlament seçkisinə qədər keçirməyi nəzərdə tuturuq".
Həsən Kərimov qurultayda əsasən partiya sədrinin və Nizamnamə Təftiş Komissiyasının hesabatlarının dinlənəcyini, habelə sədr seçkisinin keçirləcəyini bildirib. "Əgər təklif olarsa, partiya nizamnaməsinə və proqramlarına bəzi dəyişikliklərin edilməsi də gündəliyə salına bilər. Nizamnaməyə görə, qurultay yalnız bu funksiyaları həyata keçirə bilər."
Qurultayda partiya sədrliyinə yeni namizədlərin olub-olmayacağı ilə bağlı sualın cavabında isə H.Kərimov deyib ki, bu, qurultay nümayəndələrinin öz işidir.
Parlament seçkisi ərəfəsi AXCP-nin kütləvi aksiyalar keçirmək qərarıyla bağlı danışan partiya funksioneri bildirib ki, mitinqin hansı gün keçirilməsi ilə bağlı yaxın günlərdə qərar qəbul ediləcək. "Bu günlərdə partiyanın Bakı rayon təşkilatlarının genişləndirilmiş müşavirəsi keçiriləcək. Orada mitinq qərarının müzakirəsi və vaxtı ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulur."
Bununla belə, mitinqi aprel ayının 10-dan sonra keçirməyi nəzərdə tutduqlarını bildirən H.Kərimov kütləvi aksiyanın keçirilməsi üçün yer ayrılmayacağı təqdirdə belə, qərarlarından dönməyəcəklərini söyləyib. "AXCP hər zaman qəbul etdiyi qərarların arxasında dayanıb. Yer ayrılsa da, ayrılmasa da, mitinq nəzərdə tutulan vaxtda və yerdə keçiriləcək"- deyə o, əlavə edib.
Mitinq qərarının "Azadlıq" bloku adından deyil, AXCP adından qəbul edilməsinin səbəbinə gəldikdə isə, H.Kərimov burada heç bir problem olmadığını söyləyib: "Mitinq keçirmək məsələsi ilk olaraq, AXCP-nin Rəyasət Heyətində qaldırıldı və qərar qəbul edildi. Daha sonra qərara alındı ki, bu, "Azadlıq" blokundakı müttəfiq partiyalarla da müzakirə edilsin. Onlar da aparılan məsləhətləşmələrdə AXPC-nin qərarını dəstəklədilər. Artıq mitinqə hazırlaşmaqla bağlı onların da qərarları var".
Kütləvi aksiyalar keçirməklə bağlı qərar qəbul edən digər müxalifət partiyası Müsavatla birgə mütinqlərin təşkili ideyasını şərh edən AXCP funksioneri bunu mümkün hesab edib. "AXCP və Müsavatın birgə mitinqlər keçirməsi istisna deyil, gələcəkdə mümkündür. Bildiyiniz kimi, mitinq keçirilməsi barədə Müsavat bizdən əvvəl qərar qəbul edib. Amma birgə mitinq keçirməklə bağlı bizə hələlik rəsmi müraciət yoxdur" - deyə AXCP funksioneri əlavə edib.
Aydın A.
Milli.Az