Bakıda keçiriləcək Avropa gənclər Yay Olimpiya festivalına hazırlıq müzakirə edilib - FOTO

12 İyun 2018 18:22

Bu gün Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi altında 2019-cu ilin 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa gənclər Yay Olimpiya festivalına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə toplantı keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər.

Nazir ilk olaraq məlumat üçün Avropa gənclər Yay olimpiya festivalının 1990-cı ildən keçirildiyini, ötən illər ərzində Paris, Lissabon, Tbilisi və digər şəhərlərdə baş tutduğunu, 2019-cu ildə isə paytaxt Bakının bu yarışlarlara ev sahibliyi edəcəyini qeyd edib.

Toplantı zamanı bildirilib ki, 6 gün davam edəcək yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir.

Ümumilikdə idmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika, basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş ), 13 proqram üzrə mübarizə aparacaqlar. Yarışın açılış mərasiminin Bakı Kristal Zalında baş tutacağı bildirilib.

Toplantı zamanı yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər, idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

A.Rəhimov bildirib ki, qarşıda idmançılarımızı mötəbər idman yarışları gözləyir. Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, Minskdə baş tutacaq Avropa Oyunları və digər mötəbər idman tədbirlərinin hər biri 2020 Tokio Yay Olimpiya Oyunlarına gedən yolda mühüm əhəmiyyət daşıyır ki, burada da mübariz və hazırlıqlı olmaq vacibdir.

Milli.Az