İlqar Kamildən Fazil Mustafaya qardaşyana təpki - Sizi narahat edən nədir?

12 İyun 2018 18:03

Son günlər deputat Fazil Mustafanın sosial şəbəkədə şiələrin Kərbəla şəhidlərinin əzadarlığı ilə bağlı paylaşdığı fikirlər qalmaqallara və sosial gərginliyə səbəb olub. Bununla bağlı gənc şair İlqar Kamil Facebook sosial şəbəkəsindəki profilində F.Mustafaya ünvanlanmış "Günəş belə etməzdi - Fazil Mustafaya!" adlı yazı paylaşıb. Milli.Az İlqar Kamilin həmin yazısını təqdim edir:

"Hörmətli Fazil bəy, neçə gündü məlum olaylarla bağlı sizin açıqlamalarınızı izləyirəm, əziz atalarımız demiş, avazınız yaxşı gəlir, amma oxuduğunuz, çox təəssüf ki, Quran deyil. Barı milli nəsə bir şey oxusaydınız...

Neçə il qabaq tarixçi Altay Göyüşöv demişdi bunu, biz nə mərifətdə, nə savadda, nə ədəbdə, nə ərkanda, nə insafda, nə şücaətdə, nə də azərbaycanlılıqda cümhuriyyət qurucularının tayı deyilik, demişdi, yəni biz o irsi qoruya bilməmişik, demişdi, mən də razılaşmışdım onunla, siz də lütfən razılaşın, bəli, biz o irsə tam sahib çıxa bilməmişik, o boyda işlər görməsinə rəğmən xalqına ömrünün sonunacan yalnız "uca millət" deyə müraciət edən Rəsulzadədən fərqli olaraq, beş dənə kitab oxuyub, ikisini də yazan kimi düşünürük ki, vəssəlam, bu yazıq xalqa nə istəsək, deyə bilərik. Qaşlarımızı çatır, yumruğumuzu düyünləyir, deyirik, söyürük, danlayırıq... bu nə hikkə, qardaşım, adam heç doğma balasıyla bu qədər rahat ola bilmir.

"İşıq qəfil yandı, qaranlığın bağrı yarıldı.

Günəş belə etməzdi".

Sizi kənardan izlədikcə adam az qala bu qənaətə gəlir ki, dərdiniz, iddia etdiyiniz kimi, əzadarlıqlardakı səs-küy, ağlaşma-filan deyil, ifrat aqressiyanız sözünün mustafasını deyə bilməyən qəzəbli bir adamı xatırladır, adama elə gəlir, sizi narahat edən bir başa Aşuranın özüdür, amma sonra deyirsən, yox, əşşi, ola bilməz, Aşura yalnız vicdansız adamı narahat edə bilər, Fazil bəyi niyə narahat etsin ki? Aşura yalnız zalımı qorxuda bilər, Fazil bəy hara, zülm hara? Haqq yalnız batili incidə bilər, Fazil bəy, axı, həqiqət çarçısıdı. Günəş yalnız zülmətin canına xof sala bilər, Fazil bəy, axı, bu xalqın aydınıdı...

İstər şəhid Mübariz İbrahimovdan, istər o böyük şəhidlərin ehtişamlı Aşura hərəkatından dünyanın harasında, kimə danışırsan heyrətdən sayqı şapkası çıxarır, istəsəniz gedin yoxlayın, bir sadə fransıza, bir ispana, bir almana, bir rusa... lap elə Marsda həyat axtaran İlon Maskın özünə danışın bu haqda, görün necə vəcdə gələcək ruhları, necə təsirlənəcək, necə sayqı duyacaqlar...

Oğlunuza başqa mədəniyyətlərə, kültürlərə sayğılı yanaşma düşüncəsini aşılamanızı təqdir edirəm, fəqət bəs öz kültürümüzün günahı nədir? Fazil bəy, açıq deyin, sizi bu kültürümüzdə narahat edən şey nədir? Səs-küymü? Elə isə, bu səs-küyü yatırtmaqçün qaldırdığınız hay-həşir, inciməyin, daha çox baş ağrıdıcıdır.

Hər şeyə Qurandan əsas istəyən hörmətli Fazil bəy, bəs sizin fikirlərinizi bölüşməyən hər kəsə bir təhqiramiz yarlıq yapışdırmağın necə, ayəsini göstərə bilərsiniz? Xeyr, bu, Quran əxlaqı deyil, heç Rəsulzadə əxlaqı da deyil, yadıma gələn Lenin belə deyirdi: bizdən olmayan bizim düşmənimizdir!

Freyd bizim milli deyimimiz olan "eşşəyə gücü çatmır, palanı döyür" məsələsini "смещение" adlandırırdı, sən demə, təhtəl-şüurumuzun bizi qorumaqçün belə bir maraqlı mexanizmi varmış, adam, məsələn, kobud müdirinə bir söz deyə bilməyəndə gəlib evdə uşağını çırpışdırmaqla da sakitləşə bilirmiş. Yadımdadı, ətrafındakı zalımlara bir söz deməyə cəsarəti çatmayan adamların dönüb-durub Allaha daş atmasını da belə izah etmişdim: əsəbidirlər, gərgindirlər, narahatdırlar, qəzəblərini kiməsə boşaltmalıdırlar axı, zalıma zalımsan deyib işə salsınlar özlərini? Bəs nə etsinlər, necə etsinlər, ürəkləri partlayar axı, odur, sakitləşməkçün ən yaxşı ünvan, söyənlərini belə sevəcək qədər böyük olan mehriban Allahdır!

Yəni, hörmətli millət vəkilimiz, mən sizdəki bu aqressiyanın da əsl qaynağını, mənşəyini, səbəbini anlamağa çalışıram, siz müsəlmansınız, siz ziyalısınız, siz Aşuraya qarşı ola bilməzsiniz, yox, məsələ başqadır, odur, bir qardaş kimi bütün səmimiyyətimlə o məşhur sualı soruşmağa məcburam:

Haranız ağrıyır, Fazil bəy?"

Milli.Az