Hannoverdə CeBIT sərgisi keçirilir

14 İyun 2018 08:05

Almaniyanin Hannover şəhərində dünyanın informasiya və telekommunikasiya texnologiyalarına həsr olunmuş ən böyük beynəlxalq sərgisi - "CeBIT-2018 (Centrum für Büroautomation, Informationstechnologie und Telekommunikation)" iyunun 11-də öz işinə başlayıb. Sərgidə 70 ölkədən 2,8 min eksponent iştirak edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, təşkilatçıların məlumatına görə, sərginin diqqət mərkəzində rəqəmləşmə və onun iqtisadiyyatın bütün sahələrinə və cəmiyyətə təsiri, süni intellektin inkişafı, robot texnikası və avtonom nəqliyyat kimi məsələlər olacaq. Sərgi rəhbəri, tədbirin təşkilatçısı qismində çıxış edən "Deutsche Messe AG" şirkətinin idarə heyətinin üzvü Oliver Freze bildirib ki, 2018-ci ildə "CeBIT" festival xarakteri alıb və sahəyə ilk növbədə gənc nəsil tərəfindən diqqətin cəlb edilməsi üçün yeni formatlardan aktiv istifadə ediləcək.

"İnformasiya texnologiyaları sahəsinin klassik nümayəndələri sərgidə geniş təmsil olunub, lakin gənc, yaradıcılıq qabiliyyətinə malik insanların iştirakı hələ ki məhduddur. İlk dəfə sərgidə konsertlər keçiriləcək, tok-şou formatından geniş istifadə ediləcək", - tədbir rəhbəri qeyd edib.
 
Qeyd edək ki, 1986-cı ildən hər il keçirilən "CeBIT" sərgisi insan həyatının müxtəlif sahələrində ən yeni informasiya və telekommunikasiya texnologiyalarının və proqram təminatının nümayişi və tətbiqi üçün dünyanın ən böyük platforması hesab edilir. Sərgi iştirakçıları arasında sahibkarlar, iqtisadçılar, kompüter mütəxəssisləri, siyasi xadimlər, naşirlər yer alır.

"CeBIT" sərgisi iyunun 15-dək fəaliyyət göstərəcək. 

Milli.Az