Cumhuriyyət üçün yazanlar mükafatlandırıldı - FOTO

12 İyun 2018 09:52

Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş #cümhuriyyətüçünyaz müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az-ın məlumatına görə, yenicag.az xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, media nümayəndələri və iş adamları iştirak edib.

Müsabiqənin mükafatlandırma mərasimini açıq elan edən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib.

O bildirib ki, dövlətçiliyimizin inkişafına töhfə verən bütün liderlərə dərin hörmət bəsləmək və gənclərə də bu duyğuları aşılamaq lazımdır: "Cümhuriyyətimizə layiq olmağa çalışırıq"

Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı da tədbirin iştirakçılarını salamlayıb və ideyanın müəlliflərini təbrik edib:"Mən çox sevinirəm ki, Aqil Ələsgər tarixdə iz qoyan layihələrə imza atır. AXC-nin yüzilliyi ilə bağlı keçirilən silsilə tədbirlərdə çıxış edərkən də hər zaman qeyd edirdim ki, Şərqdə ilk türk-müsəlman demokratik cümhuriyyətinin vətəndaşı olduğum üçün qürur duyuram. Bu cümhuriyyəti milli məfkurə daşıyıcıları qurub və bizlərə əmanət edib."

Tənzilə Rüstəmxanlı Türkiyə Azərbaycan Evininin adından Seyfullah Türksoya və Məlahət Qurbanaovaya Azərbaycana xidmətə görə mükafatlar təqdim edib.

Türkiyənin Azərbaycandakı mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi isə çıxışı zamanı bu cür dəyərli layihələrin keçirilməsini sonuna qədər dəstəklədiklərini bildirib. O, vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə Cümhuriyyətinin bir ön modelidir. Müşavir həmçinin qeyd edib ki, bu il Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin də 100 illiyidir.

TÜİB sədri, iş adamı Hüseyin Büyükfırat "Bir millət, iki dövlət" şüarının sözdə yox, əməldə olduğunu, Türkiyə və Azərbaycanın ortaq tarixi mirasa sahib olduğunu söyləyib.

Daha sonra kürsüyə çıxan ATİB rəsmisi Azər Hətəmov isə bildirib ki, cümhuriyyətin yüz illiyi Azərbaycanda olduğu kimi dünyanın müxtəlif ölkələrində də qeyd olunur.

İpək Yolu jurnalının sahibi Seyfullah Türksoy belə bir tədbirdə iştirak etdiyinə görə qürur duyduğunu bildirib.

Çıxışlardan sonra #cümhuriyyətüçünyaz müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, 2018-ci il mayın 1-də başlayan #cümhuriyyətüçünyaz müsabiqəsinə mayın 28-də saat 12:00-da yekun vurulub. Müsabiqənin qalibləri avtomatik "random" üsulu ilə seçilib. Ümumilikdə 1205 nəfərin qatıldığı müsabiqənin qalibləri müvafiq olaraq 50, 100, 300, 500, 1000 manat pul mükafatı qazanıblar. Bundan başqa, "Yeni Çağ" Media Qrupu öncədən elan etdiyi kimi, müsabiqədə ən yaxşı postu yazan 3 iştirakçını da mükafatlandırıb.

Milli.Az