Efirdə əlbəyaxa dava, "Maşın"dakı biabırçılıqlar, Xumarın alt paltarı və cəsarət - HƏFTƏBECƏR

11 İyun 2018 09:15

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (175-ci say) təqdim edir.

Son zamanlar teleməkanda baş verənləri şərh etmək çox çətindir. Birincisi, bunu edə bilmək üçün teletənqidçi olmaq lazımdır. Digər tərəfdən isə lap teletənqidçi olsan belə, kiminsə haqqında bir kəlmə yazanda iki yüz yerdən zənglər gəlir. Hərçənd ki, biz bu zəngləri 175 həftədən artıqdır ki, eşidirik və sadəcə, eşidirik. Ancaq iş o həddədir ki, baş verənləri dilə gətirmək üçün teletənqidçi olmaq bacarığı da tələb olunmur. Məsələn, yazsam ki, bir aparıcının çəkiliş zamanı "kalqotkası" düşüb və bu görüntülər çəkilərək saytlarda yayımlanıb, inanarsınız? Amma, gerçəkdən də, belə bir şey olub. Aparıcı xanımın bəxti onda gətirib ki, "kalqotka" özünə başqa geyimləri də qoşub gətirməyib.

Yenə də saytlardan oxudum ki, Rövşanənin verilişində əlbəyaxa dava olub. Özü də qadınla kişi arasında. Bəli, canlı efirdə belə kuryozlar ola bilir, amma veriliş öncədən çəkilirsə, belə görüntüləri efirə verməmək də olardı. Təbii ki, əgər həmin görüntülər öncədən quraşdırılmayıbsa.

Yadınızdadırsa, "Maşın şou" başlamazdan öncə demişdim ki, ora gedənlərin əksəriyyəti olan-qalan hörmətlərini də maşının təkərlərinə bağlayıb qayıdacaqlar. Proqnozlarım özünü doğrultmadı desəm, yalan olar. Bu arada Əli Mirəliyev Pərvin Abiyevaya belə bir sual ünvanlayıb: "İllərdir işləyirəm, mən ala bilmirəm. Sən o bahalı maşını hansı pulla sürürsən?"

Sözün açığı, bu suala Pərvinin yerinə cavab verməyə nə haqqım, nə hüququm, nə də məlumatım yetir. Amma Əli müəllimin sualında nəsə bir eyham hiss edirəm. O eyhamın nədən ibarət olduğunu isə oxucuların ixtiyarına buraxaq.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov da telekanallardan gileylənib. Deyib ki, çağırsalar da, getməz. Əslində, bu qərarın özü də bir qədər müəmmalıdır. Çünki telekanalların bu vəziyyətə düşməsi 3-5 günün işi deyil, illərdir uçuruma doğru olan yolu gəlirik. Ancaq nədənsə nə Faiq müəllim, nə də bir başqa sənətkar bununla bağlı etiraz etmirdi. Görünən budur ki, sənətkarın telekanallardan yox, konkret şəxslərdən incikliyi var.

Deməli, Xumar Qədimova verilişə gedib. Elə geyimdə olub ki, alt paltarı görünüb. Saytların həmin xəbərə verdiyi başlığa baxın: "52 yaşlı azərbaycanlı xanım müğənnidən cəsarətli geyim - Alt paltarı göründü". Doğrudanmı alt paltarını göstərə bilmək cəsarətdir? Bəs əgər bu cəsarətdirsə, vətən üçün canından keçmək nədir? Soyunub efirə gəlmək, yaxud gəlib efirdə soyunmaq ən yaxşı halda, gündəmə gəlməkdir. O gündəmin də ömrü 40 gündən artıq çəkmir.

Milli.Az