Azərbaycan şairi Mail Mirzə Həsən Əfşarın farsca şeirlər toplusunun surəti əldə edilib

1 Sentyabr 2011 11:46
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutu Almaniyada yaşayan həmyerlimiz Məhəmmədəli Hüseynin vasitəsilə XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Mail Mirzə Həsən Əfşarın Tehranın Parlament Kitabxanasında saxlanan farsca şeirlər toplusu - divanının surətini əldə edib.

Əlyazmalar İnstitutundan AzərTAc-a bildirmişlər ki, 85 vərəqdən ibarət olan bu divanda Mail Mirzə Həsən Əfşarın qəsidə, qitə, qəzəl və rübailəri toplanıb.

1965-ci ildə Urmiyada çapdan çıxmış "Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri və şairləri" ("Bozorqam və süxənsarayane-Azərbaycane-Qərbi") adlı kitabda göstərilmişdir ki, şair Urmiyada doğulmuş, ilk təhsilini burada almış, sonra Tehranda olmuş və XIX əsrin sonlarında, təxminən 87 yaşında bu şəhərdə vəfat etmişdir. Onun doğum və ölüm tarixləri dəqiq müəyyənləşdirilməmişdir. Şairin Azərbaycan türkcəsindəki şeirlərində Füzuli təsiri özünü qabarıq göstərir.

"Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri və şairləri" kitabında, həmçinin Azərbaycan şairi Əsədulla Məxfi Əfşar barədə məlumat verilmişdir. Göstərilir ki, o, 1894-cü ildə Urmiyada doğulmuş, 1945-ci ildə vəfat etmişdir. Məxfi Əfşarın Azərbaycan türkcəsindəki şeirlərinin dili sadə və oynaqdır. Onlardan mahnı mətnləri kimi istifadə etmək olar. Şairin nəşrdə verilmiş şeirlərindən biri xüsusilə maraq doğurur. Bu, görkəmli müğənnimiz Yavər Kələntərlinin və digər müğənnilərin "Bayatı-kürd" muğamı üstündə oxuduqları mahnının sözləridir.

Milli.Az