Belə "ağıllı" ərlər də olur
31 Avqust 2011 10:58
Avstraliyalı kişi səhvən arvadının 53 min dollarlıq zinət əşyalarını zibilxanaya atıb. Milli.Az xəbər portalı "Brisbane Courier-Mail"ə istinadən bildirir ki, insident Kalaundra şəhərində baş verib.
Soyadının açıqlanmasını istəməyən Ceffri adlı yük maşını sürücüsü qəzetə bildirib ki, onun maşınından açarlar və ünvanın yazıldığı GPS naviqator itəndən sonra oğrulardan qorxurdu. Buna görə də o, evdəki zinət əşyalarını zibil kisələrində saxlayaraq potensial oğruları çaşdırmaq istəyib.
Daha sonra isə Ceffri övladları ilə birlikdə evi yığışdırarkən təsadüfən həmin torbaları zibilxanaya atıb.
Ceffri şəhərin kommunal xidmətinin rəhbərliyinə müraciət edərək zibilxananın eşələnməsi və zinət əşyalarının tapılmasını istəyib.
Lakin ona bildiriblər ki, zinət əşyalarını tapmaq şansı sıfıra bərabərdir, çünki Kalaundra şəhərindən həftədə 1400 ton zibil çıxarılır.
Ceffrinin dediyinə görə, zinət əşyalarını itirdiyinə görə arvadı Kerol onunla dava etməyib.
Milli.Az