Lizinq adı altında kredit alıbsınızsa... - VƏKİL YAZIR

6 İyun 2018 11:55

Milli.Az tanınmış vəkil Rövşən Əhmədovun yazısını təqdim edir.

Günümüzdə lizinq adı altında faktiki olaraq kredit münasibətləri əsasında maliyyələşmə əməliyyatları aparan sahibkarlıq fəaliyyəti subyektlərinə rast gəlmək mümkündür. Belə kommersiya qurumları, əsasən, hansısa avadanlıq, texnika, avtomobil və s. kimi mal satışı ilə məşğul olan ticarət obyektlərinə malikdilər ki, onlar aylıq hissəvi ödəniş əsasında faktiki olaraq satdığı malın ödənilməyən qalıq hissəsinə münasibətdə aylıq divident (faiz, mükafat və s.) əldə edirlər.

Əvvəllər buna bənzər maliyyələşmə əməliyyatları kredit şərtləri əsasında və yalnız banklar tərəfindən həyata keçirilirdisə, indi belə münasibətlər, əsasən, "malliyyə lizinqi" adı altında, lakin faktiki olaraq "kredit", "borc", "nisyə alqı-satqı" münasibətlərinin elementlərinə söykənən şərtlər daxilində, istənilən sahibkarlıq fəaliyyəti subyekti tərəfindən həyata keçirilə bilər.

Çünki kredit şərtləri əsasında maliyyələşməni bank realizə edə bilər. Bankın təsis edilməsi və fəaliyyət göstərməsi, bu barədə xüsusi razılıq (lisenziya) və kifayət qədər böyük məbləğdə pul vəsaiti (50 milyon manat) tələb edən məcburi kapitalın mövcud olduğu təqdirdə baş tuta bilər. Lakin bank fəaliyyətindən fərqli olaraq, lizinq fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb etməyən fəaliyyət növüdür.

Bundan yararlanaraq bəzi kommersiya qurumları 10 manat nizamnamə kapitalı olmalarına rəğmən, böyük məbləğdə borc pul verməklə və ya maliyyə lizinqi adı altında faktiki kreditləşmə əməliyyatı aparmaqla dövriyyəyə buraxdıqları pul vəsaitləri hesabına mənfəət əldə edirlər.

Bəs Lizinq nədir? Onu kreditdən fərqləndirən əsas cəhət nədir?

Lizinq inglilis mənşəli "to lease" sozundən götürülüb mənası "İcarə" dəməkdir.

Əmlakı lizinq şərtləri ilə sahibliyinə və istifadəsinə götürən şəxs bilməlidir ki, onun lizinq verənə ödədiyi aylıq pul vəsaiti (lizinq ödənişi), lizinq obyektindən istifadəyə görə icarə haqqıdır.

Lizinqin isə, icarədən əsas fərqi odur ki, lizinq müqaviləsi üzrə müqavilə müddəti başa çatdıqdan və aylar üzrə son icarə haqqının ödənilməsi icra olunduqdan sonra lizinqə (icarəyə) götürülmüş obyekt üzərində mülkiyyət hüququ yeni mülkiyyətçiyə (lizinq alana) keçir.

Sadə dildə desək, hər hansı bir əmlakı satın almaq üçün pulu olmayan sadə vətəndaş (lizinq alan), həmin əmlakın satıcıdan alınması və ona lizinqə (icarəyə) verilməsi üçün lizinq təşkilatına (lizinq verənə) müraciət edir. Bu zaman lizinq təşkilatı əmlakı satıcıdan alqı-satqı yolu ilə alaraq öz mülkiyyətinə keçirdir və mülkiyyətində olan həmin əmlakı lizinq alanın istifadəsinə (lizinqə) verir.

Göründüyü kimi, hüquqi mahiyyətinə görə lizinq münasibətlərində 3 tərəf (lizinq alan, lizinq verən və satıcı) iştirak edir. Bütün bu hallar (malın nə üçün, hansı məqsədlərlə alınması və s..) lizinq müqaviləsində əks olunmalıdır.

Bəzən olur ki, hər-hansı avadanlıq və ya texnikanın satışını təşkil etmək məqsədilə ticarət obyektlərinin özləri mallarını lizinq adı ilə realizə etməyə çalışırlar. Xüsusən bəzi avtomobil salonları və ya məişət texnikası satış mərkəzlərində bu cür hallara rast gəlinir. Bu zaman müqavilə üzrə hüquq münasibəti real olaraq 2 şəxs arasında (məsələn: vətəndaş və avtosalon) baş tutur. Burada yenə də müqavilə şərtlərinə diqqət yetirmək etmək lazımdır. Çünki müqavilədə şəxs yox, "Tərəf" anlayışı var.  Ola bilər ki, hazırkı halda avtosalon bir tərəfdən "Satıcı", digər tərəfdən isə "Lizinq verən" qismində çıxış etsin və yenə də 3 tərəf yaranır ki, bu da lizinqin mahiyyətinə tam cavab verir.

Əgər alqı-satqı münasibəti olmadan şəxs birbaşa mülkiyyətində olan əmlakı lizinqə verirsə, bu, əmlak maliyyələşməsi sayılmır və daxili maliyyə lizinqinin hüquqi mahiyyətinə cavab vermir. Ona görə ki, bu tip əməliyyat daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir.

Yəni, sadə vətəndaş bilməlidir ki, kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır.

Belə ki, lizinq obyekti üzərində mülkiyyət hüququ icarə haqqının (lizinq ödənişini) tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından və bu barədə tərəflər arasında (lizinq alan və lizinq verən) yekun icra Aktının imzalanmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir.

Bu səbəbdən qeyd etmək vacibdir ki, kredit şərtlərindən fərli olaraq, lizinq əsasında hər-hansı mala sahib olma nisbətən asan və rahat olsa da, bunun nisbətən ağır və təhlükəli nəticələri də ola bilər. Bu səbəbdən lizinq münasibətlərinə daxil olmazdan əvvəl müqavilə şərtlərinə xüsusi diqqət etmək zəruridir.

Belə ki, kreditdən fərqli olaraq, lizinq müqaviləsi üzrə müqavilə şərtlərinin icra olunmadığı və ya lazımınca icra olunmadığı təqdirdə, indiyədək ödənilən pul vəsaiti ilə yanaşı, lizinq verənin tələbi ilə, lizinq obyekti sayılan əmlakı da itirmək təhlükəsi hər an labüddür.

Çünki yuxarıda qeyd olunduğu kimi lizinq ödənişi, lizinq obyektindən istifadəyə görə ödənilən aylıq icarə haqqıdır. Bu məntiqlə çıxış etsək, deməli, əmlakdan istifadə olunduğuna görə lizinq alan, istifadə haqqını (lizinq ödənişini) geri tələb edə bilməz və müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində istifadə və sahiblik hüquqlarından əvəzsiz olaraq məhrum ola bilər.

Lakin kredit münasibətlərində belə deyil. Belə ki, kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ əldə edir (sərəncam hüququ xaric) və kreditin ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Yəni, ən pis halda, kredit müqaviləsi üzrə ödənilməyən qalıq məbləğinin və faizin kreditdə olan əmlakın satışı hesabına ödənilməsi mümkündür ki, yerdə qalan məbləğ, bu zaman borcluya qaytarılır. Amma lizinqə bunu aid etmək olmur. Çünki lizinq müqaviləsi üzrə müəyyən aylara görə ödənilmiş lizinq ödənişi, sadəcə əmlakdan istifadəyə görə istifadə (icarə) haqqıdır və kredit münasibətlərində olduğu kimi hesaba alınmır.

Misal üçün, təcrübədə olmuş bir faktı diqqətinizə çatdırım ki, 10 manat nizmanamə kapitalı olan bir kommersiya qurumu (lizinq təşkilatı) faktiki olaraq kredit şərtləri əsasında vətəndaşla "daxili maliyyə lizinq müqaviləsi" bağlamaqla onun istifadəsinə və sahibliyinə "note book" verib. Həmin lizinq müaviləsi üzrə pul öhdəliyi ABŞ dolları ilə ifadə olunub və vətəndaş hər ay ABŞ dollarının manat ekvivalentinə uyğun olaraq, aldığı mala görə lizinq verənə əsas və faiz borcu üzrə ödənişlər həyata keçirib. Həmin daxili maliyyə lizinq müqaviləsində 3-cü tərəf olaraq alıcı-satıcı münasibətlərinə toxunulmayıb, lizinq obyekti olan malın nə məqsədlə, kimdən alınması isə, ümumiyyətlə, müqavilədə yer almayıb. Yəni müqavilənin adı lizinq olsa da, məzmunu lizinqə tam cavab vermir.

Həmin iş üzrə digər detallara varmadan təkcə bu sadalanan hallar qeyd ounan müqavilənin bağlandığı andan lizinqin mahiyyətinə cavab vermədiyinə və kredit münasibətini pərdələdiyinə görə etibarsızlığı üçün əsas verir. Digər tərəfdən, məlum olduğu kimi AR. Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbi və bununla bağlı qanunvericiliyin şərhi onu deməyə əsas verir ki, pul öhdəliyi manatla ifadə olunur. Nəzərə alsaq ki, hazırkı vəziyyətdə qeyd olunan müqavilə kredit yox, məhz lizinq müqaviləsidir və hər bir tərəf rezidentdir, o zaman pul öhdəliyinin xarici valyutada ifadə olunması doğru sayıla bilməz və təkcə bu hal, qeyd olunan daxili maliyyə izinq müqaviləsinin etibarsızlığı üçün əsasdır.

Bu səbəbdən maliyyə-kredit, borc, lizinq, alqı-satqı və s. bu kimi sahələrdə müqavilə hüquq münasibətlərinə daxil olmazdan və öhdəlik götürməzdən əvvəl, qeyd olunan çətinliklərlə üzləşməmək üçün ilk öncə, müqavilə şərtləri ilə yaxından tanış olmaq, müqavilədə hər bir kiçik detala xüsusi diqqət etmək və lazım gələrsə, bu istiqamətdə zəruri məsləhətləşmələr aparmaq tövsiyə olunur.

Milli.Az