Cəlilabad sakini Bakıda altı bıçaq yarası aldı

1 Aprel 2010 09:05
Gecə saatlarında 1 saylı xəstəxanaya 22 yaşlı Cəlilabad rayon sakini Zahidov Kamil Rafael oğlu gətirilib. İlkin müayinə zamanı onun kürək nahiyəsində çoxsaylı bıçaq yaraları aşkar olunub.

Kamil zahidov daxil olan zaman xeyli miqdarda itirdiyi üçün dərhal əməliyyat olunub. Altı bıçaq yarası alan Kamil uzun sürən əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktın təfərrüatlarını isə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar. Hadisənin baş verdiyi ünvan araşdırma aparılıb və zərərçəkmişin yaxınlarının ifadələri alınıb. Məlum olub ki, fiziki cəhətdən güclü və müntəzəm idmanla məşğul olan Kamil Zahidov hadisədən əvvəl həmyaşıdlarından biri ilə mübahisə edib və məsələyə aydınlıq gətirmək üçün onlar Ziya Bünyadov prospektində, "Ayna Sultanova parkı" deyilən yerdə görüşüblər. Buna baxmayaraq, o, həmin yerdə bir yox, bir neçə nəfərlə əlbəyaxa olur və bıçaq xəsarətləri də ona qəfildən yetirilir. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları həmin şəxslərin kimliyini və yerini müəyyən etməyə çalışır. Faktla bağlı isə rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

/ANS PRESS/