"Azəri Top Model" müsabiqəsində şok - FOTOSESSİYA

30 Avqust 2011 13:55
Dünən 11 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 11 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdirdilər. DJ Çinanın müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Nəzərinizə çatdıraq ki, model xanımların xəz dərili kürklərini "Femina" və yaz-yay kolleksiya geyimlərini "Debenhams" mağazası təqdim etmişdi.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, model Züleyxa Akçurina, geyim üzrə stilist Aynur Əliyeva və qonaq qismində iştirakçıların fotosessiyasını hazırlayan fotoqraf Anfisa Bessonova münsiflər heyətini təmsil edirdilər.

Verilişdə müğənnilər Emma Ələkbərzadə və "Qala" qrupu öz repertuarlarında yer alan mahnıları ifa etdilər. Bundan başqa, Elnur Məmmədov ilə Cəbarayıl Rəsulov duet mahnılarını səsləndirdilər.

Onu da qeyd edək ki, hər üç ifaçı müsabiqə iştirakçıları ilə rəqs edərək, xoş dəqiqələr yaşadırdılar. Məxsusi olaraq, model xanımların rəqslə Elnur və Cəbrayıl duetini müşayiət etməsi səhnədə əsl performans yaratmışdı.

Xatırladaq ki, verilişdə Firdovsi Atakişiyevin DJ Çina ilə və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, reklam fasiləsində DJ Çinanın model xanımlarla qeyri-adi şəkillər çəkdirməsi, "Kaş ki, səni sevməyəydim!" radio serialından videoçarx, serialın çəkiləcək məkanının nümayiş olunması diqqət çəkən və maraq doğuran məqamlardan idi.

Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Anfisa Bessonova tərəfindən hazırlanan fotosessiyası təqdim olundu. Fotosessiyalar iştirakçıların "Debenhams" mağazasında geyimlərin nümayişi əsasında hazırlanmışdı.

Münsiflər heyəti təqdim olunan fotosessiyaların nəticəsində Çinarə Əliyevanı qalib seçdi.

Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi iştirakçı model Əlizadə Ləman, ikincisi Rüstəmova Elvira və üçüncüsü Ramazanova Nərminə oldu. Budəfəki verilişdə də müsabiqəni şok səs faizi ilə Səbinə Allahverdiyeva tərk etdi. O, heç bir səs toplamayaraq, sıfır səs hesabıyla müsabiqəylə vidalaşmalı oldu.

Onu da qeyd edək ki, Cəfərova Maya Türkiyədə səfərdə olduğundan verilişə qatıla bilməmişdi.

Veriliş bitdikdən sonra "Azəri Top Model" kollektivi üzərində "Lider" televiziyasının loqosu olan ləziz tortdan daddı.

Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu. Hədiyyəni qonaqlara şəxsən Züleyxa Akçurina təqdim edirdi.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsilə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə aparılaraq, modellərin fotosessiyaları, rəngarəng görüntüləri nümayiş olunacaq.

Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:

Əlizadə Ləman
Rüstəmova Elvira
Ramazanova Nərminə
Eyyubova Diana
Rizayeva Oksana
Əliyeva Çinarə
Şevçenko Aleksandra
Klimova Yuliya
Arsentyeva Olqa
Cəfərova Maya
Allahverdiyeva Səbinə

Fuad Mədətov
Milli.Az