Regional avtovağzallara pasportlar verilib - FOTO

1 İyun 2018 19:26

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Quzanlı, Şamaxı, Sumqayıt avtovağzalları və Gəncə Beynəlxalq Avtovağzalına fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasport verib.

DANX-nin İctimaiyyətlə əlaqələr və analitik informasiya şöbəsindən Milli.Az-a verilən məlumata görə, Xidmət tərəfindən keçirilən toplantıda pasportlar avtovağzal rəhbərlərinə təqdim olunub.

Görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, pasport avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilir.

O, qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır.

Görüş zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və marşrut qrafiki, qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılara qarşı tədbirlərin görülməsi kimi məsələlər də müzakirə  olunub.

Yusif Nəsirli

Milli.Az