Avtobus sürücüləri mədəni dilənçiliyə başlayıb?
12 Aprel 2010 11:54
Bakı şəhərində avtobuslarda dilənçi "sürücülər" peyda olub. Bu barədə Milli.Az xəbər portalına oxucumuz şikayət məktubu yazıb. Məktubda deyilir: "Ötən gün paytaxt nəqliyyatında qəribə hadisənin şahidi oldum. 106 saylı marşrut avtobusunda gedərkən cavan bir oğlan Hüseyn Cavid prospektində avtobusa mindi və bütün sərnişinlərə Mirmövsüm Ağanın şəkillərini paylamağa başladı. Sərnişinlər də gəncin jestini müqəddəs insanlara hörmət əlaməti kimi zənn edərək, şəkili götürdülər. Həmin "xeyriyyəçi" sonra avtobusun ön hissəsinə sərnilşinlərin qarşısına gələrək "kimin nəyə imkanı çatır versin" deyə müraciət etdi. Bu zaman sərnişinlərin bir qismi şəkli dərhal geri qaytarsa da, əksəriyyəti həmin oğlana pul verdilər.
Qəribəsi budur ki, həmin gənc pulu yığdıqdan sonra sürücünün yanına gedərək qazancı barədə ona məlumat verdi və ona haqqını ödədi. Ürəyimdə düşündüm ki, yəqin Nəqliyyat Nazirliyinin əməkdaşları sürücünün fırıldqaçı oğlanla işbirlyindən xəbərsizdir. Ancaq dayanacağa çatanda daha bir biabrçılıq gördüm. Həmin gənc nəqliyyat müfəttişlərinin və orada işləyən dispetçerlərin yanına gedərək qazancı barədə onlara məlumat verdi". Şikayət məktunbunda oxucu şəhər daxil nəqliyyatda bu kimi utancgətirən halların aradan qaldırılmasını xahiş edir.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Milli.Az xəbər portalına açıqlamasında bildirib ki, avtobuslardakı dilənçilik halları barədə məlumatı var. Onun sözlərinə görə, müqəddəs şəxslərin şəkillərinin sərnişinlərə paylanaraq pul yığılması kimi dilənçilik forması artıq tək avtobuslarda deyil, evlərə də ayaq açıb: "Ola bilsin ki, şəkil vasitəsilə dilənçilik edən şəxs sərnişin kimi avtobusa minir, sonra "fəlaliyyət"ə başlayır. Bu işlərlə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən mübarizə aparılır. Həmin şəxslər bir neçə dəfə tutulub aparılsa da, yenə tam qarşısı alınmayıb. Bu sırf hüquq-mühafizə orqanlarının işidir".
Nəqliyyat Nazirliyinin rəsmisi şikayət məktubunda qeyd olunan kimi - dilənçiklərin sürücü ilə işbirliyi etməsi faktını təəccüblə qarşıladı: "Bu fakt varsa, çox xoşagəlməz haldır. Sürücülərə və sahibkarlara göstriş verilib ki, insanları narahat edən şəxslərlə mübarizə aparılsın, avtobusa yaxın buraxmasınlar. Ancaq hazırda şəkil vasitəsilə dilənçilik edən şəxslərin avtobus sürücüləri ilə şərikli işləməsi barədə bizdə məlumat yoxdur. Hər halda belə bir dəqiq fakt varsa, həmin avtobusun nömrəsini götürüb bizə məlumat verilməsi daha yaxşı olar. Bundan sonra hər hansı tədbir görülə bilər. Bütün hallarda bu hal utanc gətirən haldır".
"Bakısərnişinnəqliyyat" MMC-dən isə Milli.Az-a bildirildi ki, hazırda onlarda bu kimi faktlar yoxdur.
Anar Məmmədov
Milli.Az