Azərbaycanda qida təhlükəsizliyinə diqqət artır - Sahibkarlara tövsiyələr verildi - FOTO

17 May 2018 16:05

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mayın 16-da fəaliyyətə başlamış 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşüb, stendlərlə tanış olub.

AQTA-nın Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Milli.Az-a verilən məlumata görə, sərgidə iştirak edən şirkətlərin nümayəndələrini dinləyən Agentliyin sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, bununla bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb.

O, həmçinin, müasir standartlara cavab verən, beynəlxaq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyələrini verib.

Q.Təhməzli AQTA tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.

Yusif Nəsirli
Milli.Az