“Google Chrome” və “Firefox” təhlükədədir - Yeni virus yayılır

16 May 2018 19:30

"Proofpoint" şirkətinin tədqiqatçıları "Google Chrome" və "Firefox" brauzerlərinin istifadəçiləri üçün təhlükə yaradan "Vega Stealer" adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təhlükəsizlik üzrə ekspertlərin sözlərinə görə, yeni virus vasitəsilə hakerlər hesab məlumatlarını, eləcə də ödəniş informasiyasını - saxlanılmış kredit kartları, sosial şəbəkə profilləri və brauzerlərdə saxlanılan "cookie" fayllarını oğurlayırlar.

Bundan başqa, zərərli proqram sistemi skrinşot edərək bütün genişləndirilmiş ".doc", ".docx", ".txt", ".rtf", ".xls", ".xlsx" və ".pdf" fayllarını skan edir.

Məlumata görə, hazırda virus biznes nümayəndələri (marketinq, reklam, ictimaiyyətlə əlaqələr, pərakəndə satış və istehsal) tərəfindən idarə olunan qurğuların yoluxdurulması üçün istifadə edilir.

Bununla yanaşı, hakerlər proqram təminatının yayılması üçün standart fişinq kampaniyasından istifadə edirlər. Onlar "İnternet mağazasına tərtibatçı tələb olunur" mövzusunda elektron məktublar, eləcə də ayrı-ayrı biznes nümayəndələrinə fərdi məlumatlar göndərirlər. Məktublarda zərərli makrosların "Vega Stealer" proqramını yüklədiyi "brief.doc" adlı əlavə olur.

Virusun adi üsulla göndərilməsinə baxmayaraq mütəxəssislər "Vega Stealer" virusunun ümumi təhlükəyə çevrilərək adi istifadəçilər arasında yayılacağından ehtiyat edirlər.

Milli.Az