Hüseyn Cavid parkında Kitab bayramı keçirilib

16 May 2018 19:39

Mayın 15-də və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib.

Tədbirin həyata keçirilməsində əsas məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının muavini Təravət Muradova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis muavini Nazim Əliyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və digər qonaqlar kitab sərgi-yarmarka ilə tanış olublar. Sonra müxtəlif viktorinalar, əyləncəli oyunlar, müsabiqələr, imza saatları keçirilib. Əməkdar artist Elza Seyidcahan özünün müəllifi olduğu "Bir dəlinin rəssamı" kitabını geniş oxucu kütləsinə təqdim edib.

Tədbirin bədii hissəsi Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar qrupunun ifası ilə başlayıb. Daha sonra 2 nömrəli Uşaq İncəsənət Məktəbinin "Aysel" rəqs qrupunun ifasında "Azərbaycan" adlı rəqs kompozisiyası ilə davam edib. Əməkdar artist Aybəniz Haşımovanın "Bülbüllər" qrupunun ifası tədbirə xüsusi ahəng qatib. Tədbirdə əməkdar artist Elza Seyidcahan, Sevda Əliqızı, Ceyhun Bakinski, Elşən Osmanov, Mircabbar Mirbabayev, Aysel Əlizadə, Mədinə Məlik və "Stop" qrupu, Nuray Rəhman, Səfalı Mirzəyev, Dana Dürdana, Nicat Cəfərzadə və digər mügənnilər sevilən ifalarını tamaşaçılara tədim ediblər.

Kitab bayramında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 10 geniş sərgi nümayiş etdirib, "Azərbaycan Xalq Cumhuriyyəti", "Milli Qəhrəmanlar" adlı stendləri ictimaiyyətə təqdim olunub.

Artıq neçə ildir ki ənənəvi olaraq keçirilən kitab bayramları şəhərimizin həyatını daha da rəngarəng etməklə yanaşı kitab mədəniyyətimizin formalaşmasında mühüm rol oynayır.

Milli.Az