Aparıcı Zaurun hədələnməsinə ATV-dən AÇIQLAMA - VİDEO

16 May 2018 16:04

Mayın 13-ü qəbul imtahanından çıxandan sonra özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevlə bağlı ATV-nin "Bizimləsən" verilişində aparılan müzakirələr mərhumun ailəsi tərəfindən narazılıqla qarşılanıb.

Mərhumun babası Neymət Bayramov verilişdə aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını bəyan edib.

Məsələyə aydınlıq gətirmək üçün sözügedən telekanalla əlaqə saxladıq.

Milli.Az xəbər verir ki, ATV-dən yenicag.az-a bildirildi ki, həmin veriliş intihar edən uşağa həsr olunmayıb:

"Həmin veriliş sırf valideyn-uşaq münasibətlərinə həsr olunub ki, necə edək, uşaqlar intihara meyl etməsin? Söhbət əsnasında bir neçə misal çəkilib, biri də Sumqayıtda baş verən həmin intiharla bağlı olub. Mövzu peşəkar psixoloq, sosioloqlarla müzakirə olunub. Tövsiyə xarakterli məsləhətlər verilib, ittiham irəli sürülməyib. Aparıcının isə, ümumiyyətlə, burada heç bir mövqeyi olmayıb".

Qaldı ki, Neymət Bayramovun məhkəməyə müraciət edəcəyi ilə bağlı iddiasına, aldığımız cavab belə oldu:

"Narazılıqla qarşılaşdıqda məhkəməyə müraciət etmək hər bir vətəndaşın borcudur. Həmin şəxs də əgər nədənsə narazıdırsa, məhkəməyə müraciət edə bilər. Bu onun hüququdur".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aparıcı Zaurun hədələnməsinə ATV-dən - AÇIQLAMA