Ağır fiziki əməyin ölümcül təhlükəsi aşkarlandı

15 May 2018 22:33

Amsterdam müstəqil universitetinin alimləri ağır fiziki əməklə məşğul olan kişilərdə oturaq işlə məşğul olan kişilərlə müqayisədə erkən ölüm riskinin daha yüksək olduğunu müəyyən edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məqalə "British Journal of Sports Medicine" jurnalında dərc olunub.

Mütəxəssislər peşə ilə bağlı fiziki fəallıqla ölüm halları arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş 2400-ə yaxın elmi işi təhlil edib.

Sözügedən tədqiqatlar 1960-2010-cu illərdə aparılıb. Sistematik icmal və meta-analizə 193,696 nəfərin iştirak etdiyi 17 tədqiqatın məlumatları daxil edilib.

Məlum olub ki, ağır fiziki əmək kişilərdə erkən ölüm riskini 18 faiz artırır.

Maraqlıdır ki, qadınlarda ağır fiziki əməklə erkən ölüm halları arasında hər hansı qarşılıqlı əlaqə aşkarlanmayıb.

Milli.Az