“Anamla atama hədə-qorxu gələrək dedi ki...” - Günaydan "polis" açıqlaması

15 May 2018 22:09

"Ölkədən qaçmamışam..."
Şou 17:02 Oxunma sayı: 5806
Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb. Bildirilir ki, müğənni keçmiş xanım sponsoru Nuriyyə Əhmədovanın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Günayın iş xanımına 225 min manat borclu olduğu iddia edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Günay İbrahimli ittihamlarla razılaşmayaraq heç kimə borclu olmadığını qeyd edib:

"Bizim Nuriyyə Əhmədova ilə müqaviləmiz 2009-cu ildən 2014-cü ilədək davam edib. Həmin müqavilə Nuriyyə Əhmədova ilə deyil, modelyer Zümrüd Mirzəliyeva ilə bağlanıb və ondan 4 il keçib. Bütün sənədlər məndədir. Nuriyyə xanım açıqlamasında deyir ki, mahnılara, kliplərə müəyyən miqdarda pul xərcləyib. Amma unudur ki, Azərbaycanda 10-20 minə mahnı satılmır. Elə bəstələr olub ki, çalışdığımız müddətdə mənə hədiyyə olunub. Və yaxudda 1000-2000 manat dəyəri olub.

Nuriyyə Əhmədova 4 ildən sonra məsələni qaldıraraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.  Bir neçə ay bundan əvvəl "Bandotdel''də də bu işə baxıldı və izahat verdim. Əlimdə olan sənədlərlə sübuta yetirildi ki, belə bir şey yoxdur. Bundan əlavə, o xanım birgə işlədiyimiz müddətdə mənə avtomobil vermişdi, maşının kreditini 4 il anam "NBC" banka ödəyib.  Sonra həmin avtomobili məndən tələb etdi və geri qaytardım. Həmin 5 ildə dayanmadan bir neçə şou proqramlarda günü 70-100 manata oxudum,hesablasaq ay ərzində 10 minə yaxın pul edir. Bu da 4 il ərzində 480 min manat qazanc deməkdir. Mən o pulların 5 mislini qaytarmışam. Çox əziyyət çəkmişəm, amma o pullardan bir manat belə görməmişəm.

Əslində, mən şikayətçi olmalıyam ki, pullarımı mənimsəyiblər. Bunlara nə olub? Dərəbəylik deyil ki? Bizim hüquq-mühafizə orqanları məsələni dəqiqliklə araşdırıb. Mənim əlimdə dediyim fikirləri sübut edən sənədlər var. Arxam, dayağım isə qanundur. Bu gün mən Günay İbrahimliyəm. İndi kimlərəsə bu asan görünə bilər, amma bu yerdə olmaq üçün dişimlə, dırnağımla gəlmişəm.   

Bundan əlavə, həmişə yanımda olan mətbuatda Azərbaycandan qaçmağım, getməyim barədə məlumatlar oxudum. Mənim burda olmamağımdan sui-istifadə edirlər. Sizcə, mən bu məsələyə görə ölkəmdən gedərəm? İstanbula işlərimlə bağlı gəlmişəm, bir neçə gün sonra Bakıya qayıdacam. Belə cılızlaşmayaq. Əslində, bu mövzuda açıqlama verməyəcəkdim. Məni sevənlərim, dostlarım, fanatlarım narahatdır. Onlar üçün deyirəm ki, bu cür xəbərlər əsassızdır".

Müğənni onu da qeyd edib ki, sözügedən xanım ailəsini təhdid edib:

"Bizim evə gələrək anamla atama hədə-qorxu gələrək dedi ki, görəcəksiz qızınızı məhv edəcəm, hələ sizdən nə qədər pul qoparacam. Bu nə deməkdir? Mən də onu bu hərəkətinə görə məhkəməyə verə bilərəm. Bütün bunların qarşılığında sadəcə bir şey demək istəyirəm. Mən qanuna və dövlətimə güvənirəm".

Milli.Az