Lotu Quli və Rövşən Lənkəranski tərəfdarlarının Bakıda ölüm-dirim savaşı - YENİ FAKTLAR

15 May 2018 21:09

Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun apelyasiya şikayəti və prokuror tərəfindən verilən apelyasiya protesti üzrə məhkəmə keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə Fuad Əsgərovun vəkili vəsatətlə çıxış edib.

O, məhkəmənin qismən istintaqla aparılmasını istəyib.

Lakin hakim Faiq Qasımov bu vəsatəti məhkəmənin ilkin baxış iclasında müzakirə etdiklərini və təmin etmədiklərini deyib.

Daha sonra çıxış edən prokuror bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razı qalmadıqları üçün protest veriblər: "Məhkəmənin hökmünə təqsirləndirilən şəxslərə istintaq dövründə verilən ittihamlar tövsif edilib. Lakin istintaq orqanı olaraq bu tövsiflərin düzgün olmadığı qənaətindəyik. Bundan başqa təqsirləndirilən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını tələb edirik".

Daha sonra Fuad Əsgərovun vəkili çıxış edərək müvəkkilinə verilən ittihamların əsassız və qanunsuz olduğunu deyib. Bildirib ki, ibtidai istintaqda da, məhkəmədə də sübutlar araşdırılmayıb: "Təqsirləndirilən şəxslər və şahidlərin də ifadəsində var ki, Fuad Əsgərov "Bulaq" restoranına qonaq çağırılıb. Fuad həmin yerə çatanda Samir ona salam verib. O zaman Fuad havalanıb. Çünki, Fuadla Samirin arasında keçmişə dayanan ziddiyyət var. Baxın, nə istintaqda nə də məhkəmədə bu ziddiyyət araşdırılmayıb".

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, bir müddət əvvəl apelyasiya məhkəməsinin binasında Fuadla Samir arasında mübahisə olub: "Həmin vaxt onlar əlbəyaxa olublar. Bu fakt da rəsmləşdirilib. Ondan sonra onları başqa-başqa cəzaçəkmə müəssisəsinə köçürüblər. İndiki hadisələrində araşdırması qeyd etdiyim bu hadisədən başlamalı idi".

Bu zaman prosesə sədrlik edən hakim bildirib ki, istintaqda Fuad Əsgərovun Tofiq Qaramizadədən aylıq 3 min manat pul tələb etdiyi yazılıb.

Bu zaman Fuad Əasgərov hakimin dediklərinə etiraz edib. O bildirib ki, heç kimdən pul tələb etməyib: "Bu işdə heç bir günahım yoxdur. Mərdliyimdən, kişiliyimdən burada oturmuşam. Əslində, xəstəxanadan mən azadlığa buraxılmalıydım. Üzə durmamışam, bu da burada oturmağıma səbəb olub. İndi Tofiqdən də soruşun ki, ondan pul tələb eləmişəm?".

Tofiq Qaramizadə deyib ki, Fuad Əsgərov ondan pul istəməyib.

O, əlavə edib ki, Fuadla telefonda mübahisəsi düşüb: "Fuad mənə gecə saat 2-yə işləmiş zəng elədi. Ona görə də aramızda mübahisə yarandı. Bildirdim ki, bu vaxtı zəng eləməzlər. Sabahı görüş təyin elədik, onu restorana çağırdım. Orada olanlar oldu".

Növbəti proses mayın 22-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarovun 18 il, Süleyman Abdullayevin 15 il, Araz Vəliyev, Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, cinayət hadisəsi 20015-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.

Hadisə kriminal aləmdə nüfuza malik olan Lotu Quli ləqəbi ilə tanınmış Nadir Səlifov və Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin bəziləri Lotu Qulinin, bəziləri isə Rövşən Lənkəranskinin tərəfdarıdır.

Milli.Az