Nə edək ki, dualarımız qəbul olunsun?

17 May 2018 21:10

Duanın yerinə yetməsi üçün xüsusi şərtlərə və ədəblərə riayət etmək lazımdır ki, dinimiz bizə onları öyrədir və bizi maarifləndirir. Hər bir mömin insan üçün dua Allaha yaxınlaşmaq vasitəsi və hacətlərinin yerinə yetmə amilidir. Bu dünyada elə bir insan yoxdur ki, arzusu və istəyi olmasın. Mömin bu istək və arzularını dua şəklində Allaha deyər və Ondan hacətini istəyər. Bəs nə edək ki, dualarımız yerinə yetsin? (Tebyan)

Duanın ədəbləri:

1. Diqqətlə edilən dua. Milli.Az deyerler.org-a istinadən bildirir ki, mömin dua edən zaman diqqəti Malikində və Mövlasında olmalıdır. Əgər diqqətsizlik edərsə, məlum olar ki, xitab etdiyinə hörmətsizlik etmiş olar. Baxmayaraq ki, Allah bu hörmətsizliyi bağışlayar, ancaq belə edilmiş duanın yerinə yetməsinə ümid azdır. İmam Sadiq (ə) buyurur: "Allah Təala qafil qəlbin duasını qəbul etməz. Ona görə də dua zamanı bütün varlığınızla Allaha üz çevirin və ondan sonra yerinə yetməsinə yəqinliyiniz olsun".

2. Pak qəlblə edilən dua. O qəlb ki, şeytan (lən) vəsvəsələri ilə doludur, Allahla rabitə qura bilməz. O zaman ki, qəlb günah edər, dildə edilən dualar yalana bənzəyər. Əmirəl-möminin (ə) buyurur: "Ən yaxşı dua odur ki, pak sinədən və təqvalı qəlbdən çıxsın".

3. Xofla birlikdə olan dua. Əgər insan diqqətlə dua edərsə, həm xofla  birlikdə olan, həm də güclü istəklə. O insan ki, günah etməkdən qorxar və duanın yerinə yetməsinə güclü istək göstərər, duaları Allah dərgahında qəbul olar. Allah Təala buyurur: "Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır". ("Əraf" 56).

4. Zillət halında olan dua. İnsanın bütün varlığı Allahdandır. Onun hər bir şeyi: canı, malı, ailəsi, övladları... hamısı Allahdandır. Ona görə də insan dua etməzdən əvvəl öz zəlilliyinə diqqət etməlidir, sonra həmin halla dua etməlidir. Allah Təala Həzrət Musaya (ə) vəhy edir: "Ey Musa! O zaman ki, Mənim dərgahımdasan, zəlil və fəqir bəndə kimi ol!".

5. Allaha qarşı nikbin olmaq. Allah Təala duaları yerinə yetirəndir və bu iş Onun üçün zəhmətsizdir. İnsana bütün nemətləri Allah vermişdir və ona görə də yaxşı olar ki, bəndə dua edən zaman Allaha qarşı nikbin və xoşgümanlı olsun. Həzrət Peyğəmbər (s) buyurur: "Allah dərgahına o halda dua edin ki, yerinə yetməsinə yəqinliyiniz olsun".

6. Duada təkid etmək. İmam Sadiq (ə) buyurur: "Allaha and olsun ki, bəndə öz duasında təkid edərsə, Allah hacətini yerinə yetirər".

Milli.Az