"İslam dünyası birlik göstərməlidir"

15 May 2018 13:21

Türkiyə Qəzzadakı vəziyyətlə bağlı müsəlman ölkələrini İsraillə əlaqələri yenidən gözdən keçirməyə çağırıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AK) növbəti iclasında müsəlman ölkələrini İsraillə əlaqələri yenidən gözdən keçirməyə səsləyib:

"Hər kəsi bu qəddarlığa qarşı durmağa dəvət edirəm. İslam ölkələri İsraillə əlaqələrini mütləq gözdən keçirməli, tək səs, tək ürək olmalıdırlar. İslam dünyası birlik göstərməlidir. Türkiyə bu zülmə səssiz qalmayıb, qalmayacaq".

Qeyd edək ki, Qüdsdə ABŞ səfirliyinin açılışına görə İsrail ordusu ilə Qəzzada baş verən qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var. Ötən gün Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. BMT baş katibi İsraili təmkinli olmağa çağırıb. Türkiyədə 3 günlük matəm elan olunub.

Bəxtiyar Umarlı
Milli.Az