"Klon"un "Hade"si haqda bilmədiklərimiz - FOTO

14 May 2018 21:10

Hamımızın "Klon" serialından "Hade" deyə tanıdığı braziliyalı aktrisa haqda xeyli mif eşitmişik. Bəs aktrisa indi nə edir? Serialdakı obrazı ilə həyatı nə qədər üst-üstə düşüb?

Milli.Az oxu.az-a istinadən Ciovanna Antonelli barədə bilmədiklərinizi təqdim edir.

Ciovanna Antonelli 1976-cı ildə Rio De Janeyroda anadan olub. O, kariyerasına 15 yaşında - 1991-ci ildə "Clube da Criança" proqramında assistent olaraq başlayıb.

Daha sonra seriallarda müxtəlif obrazlar canlandıran aktrisa ilk uğurunu 2000-ci ildə çəkildiyi "Laçoslar ailəsi" serialında qazanıb. O, ifa etdiyi rola görə beş mükafatlandırma mərasimində "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb. 

Aktrisaya ən böyük uğuru isə "Klon" serialı gətirib.O, 2001-ci ildə çəkilişləri başlayan serialdakı obrazına görə səkkiz mükafat qazanıb.

Sənətçinin bu illərdə eşq həyatı da boş keçməyib. O, Rikardo Medina ilə 2000-ci ilin sentyabr ayında evlənib.

Ancaq onların bu sevgisi 2002-ci ildə sona yetib. Cütlük həmin ilin fevral ayında ayrılıb.

Ciovanna ürəyini 2002-ci ildə "Klon"un "Lukas"ı, aktyor Murilio Benesioya verir. Onların üç il davam edən münasibətlərindən isə 2005-ci ilin mayında bir oğlu dünyaya gəlir.

Elə həmin ilin noyabr ayında isə "Lukas" və "Hade" münasibətlərinə son qoyur.

Bu ayrılıqdan sonra Ciovannanın adı məşhur iş adamı Aleksandr Assioli ilə hallanır.

Onun bu münasibəti qısa çəkir və 2005-ci ildə aktrisa amerikalı iş adamı Robert Lokaskio ilə nişanlanır. Lakin Ciovanna bu münasibətdən də üzüağ çıxmır. Onlar dörd ay sonra ayrılırlar.

2007-ci ildə daha bir biznesmen Artur Fernandes ilə sevgili olan sənətçi onunla 2009-c ildə münasibətini sonlandırır.

Eyni ildə rejissor Leonardo Noquera ilə evlənən aktrisa 2010-cu ilin oktyabr ayında əkiz qız anası olur. Antonia və Sofia hər iki valideynin soyadını götürüb.

Cütlük hazırda nikahlarını davam etdirirlər.

Ciovannanın Murilio Benesiodan ("Lukas") dünyaya gələn oğlu isə hər iki valideyni ilə yaşayır və onlarla vaxt keçirir.

Qeyd edək ki, Murilio Benesio Ciovannadan ayrılandan sonra "Klon" serialında "Mel" obrazını canlandıran Melissa Ferraz ilə ailə qurub.

Milli.Az